Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Şərq” qəzetinin baş redaktoru Əməkdar jurnalist Akif Aşırlının “I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşr Azərbaycan türkoloji fikir tarixinin mühüm mərhələlərindən biri olan I Bakı Türkoloji Qurultayının öyrənilməsinə yeni arxiv materiallarının cəlb edilməsi baxımından diqqət çəkir.
Kitabda Azərbaycanın müxtəlif dövlət arxivlərində mühafizə olunan, qurultayın keçirildiyi dövrün ictimai-siyasi, elmi və mədəni mənzərəsini əks etdirən sənədlər ilk dəfə sistemli şəkildə araşdırmaya cəlb olunub. Tədqiqat zamanı Azərbaycan Dövlət Tarix Arxivində, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, eləcə də Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan sənədlərdən istifadə edilib.
Təqdimat mərasimində kitabın elmi əhəmiyyəti, I Bakı Türkoloji Qurultayının türkologiya elminin inkişafındakı rolu və arxiv sənədlərinin elmi dövriyyəyə daxil edilməsinin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb. Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxışında Birinci Türkoloji Qurultayın 100 illiyinin Bakıda geniş beynəlxalq formatda qeyd edilməsinin əhəmiyyətindən danışıb. Professorun sözlərinə görə, türk dövlətləri arasında son illərdə genişlənən əməkdaşlıq elmi-humanitar sahədə də yeni təşəbbüslərin meydana çıxmasına şərait yaradıb. Bu baxımdan I Bakı Türkoloji Qurultayının irsinin araşdırılması və onunla bağlı arxiv sənədlərinin elmi ictimaiyyətə təqdim edilməsi xüsusi aktuallıq kəsb edir.
Tədbirdə institutun əməkdaşları - Sayalı Sadıqova, Asif Rüstəmli, İlhami Cəfərov, Dilqəm Əhmədov, Qətibə Mahmudova, Qətibə Quliyeva, Elçin İsmayılov, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova və digər alimlər I Bakı Türkoloji Qurultayının Azərbaycan və ümumtürk elmi-mədəni fikir tarixindəki mövqeyindən bəhs ediblər.