Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat
Bakı, 23 sentyabr, AZƏRTAC
Süni intellekt təhsildə yeni imkanlarla yanaşı, müəyyən risklər yaradır. Aparılan araşdırmalarda süni intellektin təhsil prosesinə təsiri, yaratdığı imkanlar və istifadəsi zamanı nəzərə alınmalı əsas risklər təhlil edilib.
Təhsil texnologiyaları üzrə elmi tədqiqatçı Aysel Nağıyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, süni intellektin təhsildə yaratdığı əsas risklərdən biri insan amilinin zəifləməsidir. Onun sözlərinə görə, heç bir texnologiya müəllimin empatiyasını, emosional dəstəyini, motivasiya yaratmaq bacarığını və sosial münasibətlərini tam əvəz edə bilməz. Təhsil yalnız bilik ötürmək deyil, həm də şəxsiyyətin formalaşması prosesidir.
Tədqiqatçı məlumat təhlükəsizliyinin və məxfiliyin qorunmasının vacibliyini də vurğulayıb. O qeyd edib ki, süni intellekt sistemləri böyük həcmdə məlumat toplayır və emal edir. Bu məlumatların təhlükəsiz saxlanılması, etik normalara uyğun istifadəsi və şəxsi məlumatların qorunması təhsil müəssisələri qarşısında mühüm məsuliyyət yaradır.
Araşdırmada alqoritmik qərəzin də müəyyən risklər yaratdığı qeyd olunur. Süni intellekt sistemləri qeyri-obyektiv və ya balanssız məlumatlar əsasında öyrədildikdə, onların qərarlarında da qərəz yarana bilər. Bu isə qiymətləndirmədə və təhsil imkanlarının bərabərliyində problemlərə səbəb ola bilər.
Digər risk texnologiyadan həddindən artıq asılılıqla bağlıdır. Şagird və müəllim bütün tapşırıqları süni intellekt vasitəsilə yerinə yetirməyə alışdıqda, tənqidi düşünmə, müstəqil araşdırma, problem həll etmə və yaradıcılıq kimi XXI əsr bacarıqlarının inkişafı zəifləyə bilər.
Tədqiqatın nəticələrinə görə, süni intellekt təhsildə müəllimi əvəz edən deyil, onun fəaliyyətini dəstəkləyən vasitə kimi nəzərdən keçirilməlidir. Texnologiya rutin işləri sadələşdirə, fərdiləşdirilmiş təlim imkanları yarada və qərarvermə prosesini dəstəkləyə bilər. Lakin etik prinsiplərə, şəffaflığa və məlumat təhlükəsizliyinə əməl olunmadıqda, eləcə də müəllimin aparıcı rolu qorunmadıqda bu imkanlar müəyyən risklərə çevrilə bilər.
Müasir təhsil sisteminin qarşısında duran əsas vəzifə süni intellektdən imtina etmək deyil, bu texnologiyadan məsuliyyətli və məqsədyönlü istifadəni təmin etməkdir.