Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib
Bakı, 23 sentyabr, AZƏRTAC
Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib. Bir hökmdar obrazının qadına olan sevgisi, eşqi bizə açıq və illüstrativ şəkildə göstərilirdi. Bu məqam bəzi Avropa alimlərini də təəccübləndirib və onlar orta əsr Şərqində bir şairin bu cür düşünə biləcəyinə sanki inana bilmirlər. Ancaq bunu anlamaq üçün Nizaminin türk ailəsində böyüdüyünü, ədəbi-fəlsəfi düşüncələrinin, dünyagörüşünün türk xalq qəhrəmanlıq dastanları, “Kitabi-Dədə Qorqud” dastanları ilə formalaşdığını nəzərə almaq və türk folklor düşüncəsinin izlərini görmək lazımdır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova deyib.
O, Nizami Gəncəvi yaradıcılığının böyüklüyünü anlamaq üçün onun fikirlərinin dərinliklərinə enmək, ənginliklərinə yüksələ bilmək lazım olduğunu deyib: “Nizami ilk öncə ona görə böyük şəxsiyyət və fikir adamı idi ki, XII əsrdə mədhiyyə janrının geniş yayıldığı və saray şairi olmaq üçün intriqaların baş alıb getdiyi bir zamanda Nizami heç bir hökmdarın qarşısında baş əymədi. O deyirdi ki, mən heç kimin dediyini təkrar etməmişəm, ancaq ürəyim nəyi “de” deyibsə, onu demişəm. Nizami ona görə böyük şəxsiyyət idi ki, dünyanı eşqin xilas edəcəyinə inanırdı. Çünki bu dünyanın eşqdən yaradıldığını söyləyirdi. Nizami “Xəmsə”nin ilk əsəri olan “Məxzənül-əsrar”ın ilk məqalətinə belə bir beytlə başlayır:
“Əvvəl ki in eşq pərəsti nə bud,
Dər ədəm avazeyi-həsti nə bud”.
Yəni bir zamanlar ki, eşqə pərəstiş etmirdilər, yoxluqda varlığın sədası belə yox idi. Başqa sözlə, Nizami dünyanın özünün eşqdən yaradıldığına və dünyanı yalnız Yaradana və Yaradanın yaratdıqlarına olan sevginin xilas edəcəyinə inanırdı.
“Xosrov və Şirin”də də deyirdi ki, “Eşqsiz olsaydı xilqətin canı, Dirilik sarmazdı böyük cahanı”. Yəni dünyanı dağılmağa qoymayan, onu bir cazibə qüvvəsində saxlayan sevgidir. İnsanlara və bütün varlığa olan sevgi.
Nizami bu dünyada insanın qüdrətli missiyası olduğuna inanırdı. O, Tanrı insana istedad versə belə, insan öz üzərində işləməsə, onun məhv olacağını düşünürdü.
“Çox iti beyinlər yatan oldular,
Axırda saxsı qaz satan oldular” deyirdi.
Yəni Tanrı sənə istedad verib, təbii ki, amma sən də öz üzərində işləməlisən. Özü də deyirdi ki, “Elmin yeni bir qapısını açmadan başımı yastığa rahat qoyduğum bir gün belə olmadı”.
Nizami insanın rolunu bir də insanlığa, bəşəriyyətə xidmət etməkdə görürdü. “Yeddi gözəl” əsərində deyirdi:
“Çalış insanların işinə yara,
Geysin əməlinlə dünya zərxara”.
Müxbir – Fidan Əlizadə