DÜNYA
Avstriyada sabiq federal kansler həssas məlumatların məhv edilməsində günahlandırılır
![Avstriyada sabiq federal kansler həssas məlumatların məhv edilməsində günahlandırılır](/files/2019/2/1200x630/15645757901672728288_1200x630.jpg)
Vyana, 31 iyul, AZƏRTAC
Avstriyanın keçmiş federal kansleri Sebastian Kurtsun hakimiyyətdə olduğu dövrə aid məlumat daşıyıcılarının (hard-disk) məhv edilməsi ilə bağlı qalmaqal səngimək bilmir.
AZƏRTAC xəbər verir ki, JETZT (İNDİ) partiyasından millət vəkili Peter Pilts S.Kurts və kansler bürosunun iki əməkdaşından “məhvetmə avantürası” ilə əlaqədar məhkəməyə şikayət edib. İqtisadiyyat və Korrupsiya İşləri üzrə Prokurorluğa təqdim edilən mövcud vəziyyətə dair açıqlamada qeyd olunub ki, məlumat daşıyıcılarının məhv edilməsi fırıldaqçılıq, məlumatlara ziyan vurulması və sübutların gizlədilməsi faktlarını təsdiqləyə bilərdi. Bundan əlavə, keçmiş kanslerə izah olunmalıdır ki, “respublika ÖVP-yə (Avstriya Xalq Partiyası) məxsus deyil və cənab Kurts onu narahat edən hər şeyi məhv edə bilməz”, - deyə Pilts əlavə edib.
Qeyd edilməlidir ki, ilkin faktlar təkcə S.Kurtsun deyil, həmçinin o zaman kansler bürosunda çalışan əməkdaşların da əleyhinədir. Onlar anonim şəkildə bir neçə hard-diski utilizasiya şirkətinə ötürüblər. Əməkdaş uydurma ad-soyadla şirkətə müraciət edib və utilizasiya üçün tələb olunan ödənişi də həyata keçirməyib, lakin telefon nömrəsini verib. Məhz nömrə ilə də əməkdaşın kim olduğu aşkara çıxıb.
Məhv edilən hard-disklər respublikanın mülkiyyəti olduğundan, Peter Pilts qeyd edilən şəxsləri onları mülkiyyətə zərər vurmaqda günahlandırır. Həmçinin onlardakı məlumatların itməsi də təqdim olunan şikayətdə “respublikaya dəyən zərər” adlandırılır. Əgər bu disklərdə “İbiza qalmaqalı”na aid məlumatlar olubsa, bu, həm də sübutların gizlədilməsi deməkdir.
S.Kurts və diskləri məhv edən əməkdaşla yanaşı, daha bir nəfər də şübhə altındadır. P.Piltsin iddialarına görə, A.Kurtsun yaxın silahdaşı, hökumətdə mühüm post tutan Qernot Blümel də disklərin məhv edilməsində “aparıcı rol” oynayıb.
Keçmiş kanslerin bürosundan isə bildirilib ki, barəsində söhbət gedən disklər printerlərin yaddaş diskləridir və orada heç bir həssas məlumat əksini tapmayıb. Eləcə də bu cür disklərin mütəmadi intervalda utilizasiyaya göndərilməsi sıradan bir hadisə kimi dəyərləndirilib.
Xatırladaq ki, vitse-kansler Hayns-Kristian Ştraxenin istefası fonunda baş verən hökumət böhranı ilə əlaqədar Avstriya parlamenti mayın 27-də Sebastyan Kurtsun kabinetinə etimadsızlıq göstərib. İyunun 3-də isə ölkə Prezidenti Aleksander Van der Bellen respublikanın yeni kansleri Brigitte Birlaynı və növbədənkənar seçkilərə qədər fəaliyyət göstərəcək keçid hökumətini təsdiqləyib.
Növbədənkənar parlament seçkiləri sentyabrın 29-na təyin olunub. Hard-disk qalmaqalı ölkə mətbuatı ilə yanaşı, seçki kampaniyasında siyasi partiyaları məşğul edən əsas mövzular sırasındadır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana