CƏMİYYƏT
Avtomobildə gizlədilən siqaret və spirtli içkilər aşkarlanıb
![Avtomobildə gizlədilən siqaret və spirtli içkilər aşkarlanıb](/files/2019/2/1200x630/15645712951868419154_1200x630.jpg)
Bakı, 31 iyul, AZƏRTAC
Gömrükçülər avtomobildə gizlədilən siqaret və spirtli içkilər aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə “Nike” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı avtomobilin oturacaqlarının altında və yük yerində üzərində “Marlboro” yazılan 3000 ədəd siqaret və hər biri 1 litr olmaqla, 17 ədəd üzərində “Nemirovskaya” yazılan spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.