AYDIN KAZIMZADƏ: MƏMMƏDKAMAL KAZIMOVUN EPİZODİK ROLLARI BAŞ ROLLARA BƏRABƏRDİR
AZƏRTAC xəbər verir ki, aprelin 15-də Kinematoqrafçılar İttifaqında əməkdar mədəniyyət işçisi, rejissor, aktyor və pedaqoq Məmmədkamal Kazımovun xatirə gecəsi keçirilmişdir.
Kinematoqrafçılar İttifaqının birinci katibi Abbas Əliyev, kinorejissor Ələkbər Muradov, xalq artisti, “Qızıl dərviş” mükafatı laureatı, professor Ağakişi Kazımov, kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə və başqaları tədbirdə çıxış edərək, Məmmədkamal Kazımovun həyat və yaradıcılığından söhbət açdılar. Gecədə onun iştirakı ilə çəkilmiş “Qətl günü”, “Güllələnmə təxirə salınır”, “Bir cənub şəhərində”, “Ölülər”, “Yol hadisəsi” və sair filmlərdən fraqmentlər nümayiş etdirildi.
A.Kazımzadə dedi ki, M.Kazımzadə, əslində, kiçik rollar yaratmışdır, lakin epizodik rollar çox vaxt yaddaşlarda daha yaxşı qalır. Əsas rollara bərabər tutulan belə rollar aktyorun yaradıcılığında parlaq iz qoyur.
Məmmədkamal Kazımov 1944-1982-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrının quruluşçu rejissoru, 1983-1987-ci illərdə Ağdam Dram Teatrının baş rejissoru işləmişdir. Həmin dövrdə Abdulla Şaiqin “ Fitnə”, Seyfəddin Dağlının “Kölgələr pıçıldaşır”, A.Puşkinin “Yatmış gözəl və yeddi bahadır haqqında nağıl”, İslam Səfərlinin “Yol ayrıcında” əsərlərinə quruluş vermişdir. Ömrünün sonunadək Azərbaycan Mədəniyyət Fondunun “Sönməyən ulduzlar” Teatrına rəhbərlik edərək, bu incəsənət məbədinə tanınmış teatr və kino aktyorlarını cəlb etmişdir.