SİYASƏT
AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATININ KONVENSİYALARINA QOŞULACAQDIR
Bakı, 14 aprel (AZƏRTAC). Aprelin 14-də Milli Məclisin sosial siyasət komitəsinin növbəti iclası keçirilmişdir.
İclasda əvvəlcə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (İİV infeksiyası ilə) mübarizə haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilmişdir.
Sənədlə əlaqədar məlumat verən komitə sədrinin müavini Musa Quliyev qeyd etmişdir ki, qanun layihəsinin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsindən sonra işçi qrupu deputatların, Səhiyyə Nazirliyinin əməkdaşlarının və digər mütəxəssislərin səsləndirdikləri rəy və təklifləri diqqətlə araşdırmış, bütün vacib detallar nəzərə alınmışdır.
Sonra iclasda “Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər - Ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına qoşulmaq barədə” sənədə baxılmışdır. Bildirilmişdir ki, Beynəlxalq Əmək Təşkilatının Cenevrədə keçirilən 67-ci sessiyasında qəbul edilən sənəd fərdiyyət fərqləri arasında hər hansı bir məhdudiyyətin olmaması, himayəsində olan uşaqlara münasibətdə ailə öhdəlikləri olan kişi və qadın işçilərə bərabər şərait yaradılmasını əsas götürür.
Daha sonra komitə üzvləri Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında” 1952-ci il Konvensiyasının (dəyişdirilmiş) dəyişdirilməsi haqqında” 183 nömrəli Konvensiyasına qoşulmaq barədə” qanun layihəsini müzakirə etmişlər. Bildirilmişdir ki, qanunun müddəaları muzdla işləyən, asılı əmək formaları ilə məşğul olan, iqtisadi fəaliyyət sahələrinin bütün növlərinə və bütün işçi kateqoriyalarına şamil olunur.
Ətraflı müzakirələrdən sonra hər üç sənədin Milli Məclisin müzakirəsinə çıxarılması məqsədəuyğun hesab edilmişdir.