ELM VƏ TƏHSİL
Azərbaycan ədəbiyyatının açılmamış qatları
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun əməkdaşı Xuraman Hümmətovanın “Azərbaycan şeirinin poetik qaynağında təsəvvüf (XII-XVI əsrlər)” adlı kitabı nəşr olunub. Kitabın elmi redaktoru akademik İsa Həbibbəylidir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, monoqrafiyada Azərbaycan ədəbiyyatının keçdiyi uzun bir dövr (XII-XVI əsrlər) araşdırılıb. Kitabda təsəvvüflə ədəbiyyatı birləşdirən, onları milli düşüncənin vahid axarına salıb qovuşduran, yeni keyfiyyət və məzmun daşıyan hadisəyə çevirən amillər: dini, təsəvvüfü, ədəbiyyatı, fəlsəfəni əhatə edən xüsusiyyətlər vahid sistem şəklində araşdırılıb. Bu tədqiqat işində həm də Azərbaycan ədəbiyyatında yeni bir mərhələnin - təsəvvüf ədəbiyyatının yaranma tarixi işıqlandırılıb. Təqdim olunan monoqrafiyada XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında “təsəvvüf və ədəbiyyat” müstəvisində görkəmli ədəbi şəxsiyyətlərin meydana çıxmasına, onların simasında böyük bir yol gələn və “təsəvvüf ədəbiyyatı” adı altında yaranan bu təlimin Azərbaycan ədəbiyyatı tarixindəki böyük roluna aydınlıq gətirilib.
“Elm” nəşriyyatında çap olunan kitabın rəyçiləri-professorlar Məmməd Əliyev, İmamverdi Həmidov və filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevadır.