SİYASƏT
Azərbaycan ərazilərinin işğalı Ermənistana heç bir fayda verməmiş, əksinə, onu daha da zəiflətmişdir
Vaşinqton, 26 fevral (AZƏRTAC) Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Xocalı soyqırımına dair məqaləsi fevralın 25-də ABŞ-ın bir sıra mətbu orqanlarında dərc edilmişdir.
Bunların sırasında ”YahooNews” xəbər portalını, “Wall Street Journal”, “Bloomberg Businessweek”, “Boston Globe”, “Sacramento Bee” və “California Chronicle” qəzetlərini xüsusilə qeyd etmək lazımdır.
“Xocalı qətliamı: Azərbaycanın ədalət uğrunda mübarizəsi davam edir” (“Khojaly Massacre: Azerbaijan's Fight for Justice Continues”) başlıqlı məqalədə Xocalı faciəsi barədə geniş məlumat verilir, bu səpkidə Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın qətliamın ermənilər tərəfindən törədilməsinə dair etdiyi etiraf bir daha vurğulanır. Qeyd olunur ki, “Human Rights Watch” təşkilatı tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə “ən böyük qətliam” adlandırılan bu cinayəti törətməkdə Ermənistanın əsas məqsədi Azərbaycana qarşı yönəlmiş etnik təmizləmə və işğal siyasətini “uğurla” həyata keçirməkdir.
Müəllif Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından bəhs edərək, dünya birliyinin artıq Xocalı qətliamını tanımağa və ona obyektiv siyasi qiymət verməyə başladığını bildirir.
Baş konsul məqaləsində qeyd etmişdir ki, Azərbaycan ərazilərinin işğalı Ermənistana heç bir fayda verməmiş, əksinə, onu daha da zəiflətmişdir. Ermənistan iqtisadiyyatının getdikcə tənəzzülə uğradığını, ölkənin beynəlxalq təcridinin gücləndiyini bildirən müəllif, bu səbəblərdən Ermənistan əhalisinin də sürətlə azaldığını vurğulayır. Bu baxımdan “Gallup” təşkilatının keçirdiyi son rəy sorğusuna əsasən, Ermənistan əhalisinin 40 faizinin ölkəni birdəfəlik tərk etmək arzusunda olduğu diqqətə çatdırılır. Ermənistan ilə müqayisədə Azərbaycanın isə gündən-günə daha da gücləndiyi və regionda və dünyada nüfuzunun artdığı bildirilir.
Sonda qeyd olunur ki, Xocalı qətliamını törədənlər nəinki cinayət məsuliyyətinə cəlb olunmamışlar, hətta onların bir çoxu hazırda yüksək vəzifələr tutur və Ermənistanda “müharibə qəhrəmanları” kimi qəbul edilirlər. Baş konsul Azərbaycanın Xocalı qətliamı barədə dünya birliyini məlumatlandırmaqda davam edəcəyini bildirir.
Məqalənin tam mətni aşağıda verilir. Məqalənin dərc olunduğu bəzi KİV-lərə linklər bunlardır:
“YahooNews” - http://news.yahoo.com/khojaly-massacre-azerbaijan-39-fight-justice-continues-152100902.html
“Boston Globe” - http://finance.boston.com/boston/news/read/26530867/khojaly_massacre
“Wall Street Journal” - http://www.marketwatch.com/story/khojaly-massacre-azerbaijans-fight-for-justice-continues-2014-02-25
“Bloomberg Businessweek” - http://investing.businessweek.com/research/stocks/news/article.asp?docKey=600-201402251021PR_NEWS_USPRX____DC71383-1&ex=true&ticker=DAL
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton