İQTİSADİYYAT
Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları sırasında dördüncü yerdədir
Tbilisi, 19 dekabr, AZƏRTAC
Cari ilin 11 ayı ərzində Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 932,7 milyon dollar olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsi məlumat yayıb. Bildirilir ki, Azərbaycan bu göstərici ilə Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında 4-cü yerdə qərarlaşıb.
Yanvar-noyabr aylarında Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,1 faizə bərabər olub. Hesabat dövründə Gürcüstandan Azərbaycana 444,6 milyon dollarlıq məhsul ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixracında 2,2 faiz artım qeydə alınıb. Bu göstərici ilə Azərbaycan Gürcüstanın ümumi ixracında 13,1 faiz paya sahib olmaqla, Rusiyadan sonra 2-ci əsas ixrac tərəfdaşıdır.
Eyni zamanda, 11 ayda Gürcüstan Azərbaycandan 488,1 milyon dollarlıq məhsul idxal edib. İdxalın həcmi 4,9 faiz azalıb.
Azərbaycanın qonşu ölkənin ümumi idxalındakı payı isə 6 faiz təşkil edib. Hesabat dövründə Azərbaycan Gürcüstanın Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi