CƏMİYYƏT
“Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 11 iyul, Rafael Həsənov, AZƏRTAC
İyulun 11-də ADA Universitetində “Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrinin gəncləri iştirak edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev müsabiqə haqqında danışıb. O qeyd edib ki, Xarici İşlər Nazirliyinin köməyi ilə 2011-ci ildən xarici tələbələr arasında keçirilən bu müsabiqədə iştirakçılar qarşısında bir sıra mövzularda esse yazmaq vəzifəsi qoyulur: “Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları”, “Azərbaycanın iqtisadi inkişafı”, “Azərbaycanın neft və qaz strategiyası”, “Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti”, “Azərbaycan əhalisi, onun dili, adət-ənənələri və dini inancı”, “Azərbaycanın beynəlxalq siyasətdə rolu”, “Azərbaycan və digər ölkələr: tarixi əlaqələr”.
Müsabiqənin əsas məqsədi xarici ölkələrin gənclərini Azərbaycanın milli mədəni və mənəvi irsi ilə tanış etmək, eləcə də ölkənin siyasi-iqtisadi vəziyyəti haqqında həqiqəti əks etdirən məlumatların yayılmasıdır.
İ.Babayev Azərbaycan, onun müasir tarixi, qısa müddətdə dövlətin bütün sahələrdə qazandığı uğurlardan danışıb. Ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirən ölkə rəhbərliyinin, o cümlədən Prezident İlham Əliyevin xidmətləri qeyd olunub.
Bildirilib ki, tezliklə Azərbaycanda müstəqilliyin 25 illik yubileyi qeyd ediləcək. İ.Babayev deyib: “Dünya tarixi miqyasında bu müddət kiçik hesab olunur, Azərbaycan üçün isə mühüm tarixdir. Birinci Avropa Oyunları, “Formula-1”Avropa Qran-prisi yarışları kimi böyük beynəlxalq tədbirlərin keçirilməsi bu gün Azərbaycanın rəyinə diqqət yetirilməsinə və ölkəmizə etimad göstərilməsinə şəhadət edir. Bu, böyük səylər hesabına başa gəlib”.
Braziliya, Meksika, Argentina, Hindistan, Litva, Monteneqro, Rumıniya, Serbiya, Fransa, Ukrayna və Çexiyadan olan tələbələr diplom və xatirə hədiyyələri ilə təltif edilib.
Ölkəmizə səfər çərçivəsində qonaqlar paytaxtın və digər şəhərlərin görməli yerlərini ziyarət edəcək, Azərbaycan mədəniyyəti, tarixi və ənənələri ilə birbaşa tanış olmaq imkanı əldə edəcəklər.