SİYASƏT
AZƏRBAYCAN HÖKUMƏT NÜMAYƏNDƏ HEYƏTİNİN SVERDLOVSK VİLAYƏTİNƏ SƏFƏRİ
Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Azərbaycan hökumət nümayəndə heyətinin Sverdlovsk vilayətinə səfərinin sonuncu günü vilayət hökumətinin sədri Aleksey Vorobyov ilə görüşlə başlandı.
Aleksey Vorobyov nümayəndə heyətinin üzvlərini səmimiyyətlə salamlayaraq dedi ki, bu səfər qarşılıqlı surətdə faydalı iqtisadi münasibətlərin inkişafına yeni təkan verəcəkdir. O bildirdi ki, 2001-ci ilin yekunlarına görə, Sverdlovsk vilayətinin Azərbaycanla əmtəə dövriyyəsi 7 milyon dollar olmuşdur. Bu isə MDB ölkələri arasında yeddinci göstəricidir. 2002-ci ilin birinci rübündə ticarətin həcmi əvvəlki ilin səviyyəsinə nisbətən təxminən 5 dəfə artmışdır. Özü də ixrac üzrə artım təxminən 8,5 dəfəyə, idxal üzrə isə 1,6 dəfəyə çatmışdır.
Artur Rasizadə qonaqpərvərliyə görə vilayət hökumətinin sədrinə təşəkkürünü bildirərək vurğuladı ki, iqtisadi münasibətləri daha da inkişaf etdirmək imkanları tükənməyibdir. Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya dövlətinin başçısı Vladimir Putinin ikitərəfli əlaqələrin yaxşılaşdırılması üçün göstərdiyi səylər buna kömək edir və bu əlaqələr strateji tərəfdaşlığa çevrilmişdir.
Artur Rasizadə Azərbaycanda uğurla aparılan iqtisadi islahatlardan ətraflı danışaraq bildirdi ki, bu islahatlar nəticəsində ölkənin valyuta ehtiyatları 1 milyard 200 milyon dollara çatmışdır. Xəzərdəki neft yataqlarının işlənilməsi üçün 30 şirkətlə 24 müqavilə imzalanmış, sərmayələrin məbləği isə 6 milyard dollardan artıq olmuşdur.
Görüşdə Sverdlovsk vilayətindəki iri müəssisələrin rəhbərləri çıxış edərək, buraxdıqları məhsullar haqqında məlumat verdilər. Onlar ticarət dövriyyəsinin artırılmasına dair konkret təkliflər də irəli sürdülər. Qeyd olundu ki, yaxın gələcəkdə Bakıda Yekaterinburqun və Yekaterinburqda Bakının ticarət evlərinin açılması iqtisadi əlaqələrin möhkəmlənməsi üçün geniş imkanlar yaradacaqdır.
Sonra Azərbaycan nümayəndə heyətinin üzvləri “Uraltransmaş” zavodunda və dünyada ən iri müəssisələrdən sayılan “Uralmaş” zavodunda oldular. “Uralmaş”da ölkəmizə neft sənayesi üçün qazma avadanlığı və dəniz platformaları göndərilməsi məsələləri müzakirə edildi. Artur Rasizadə müəssisənin fəxri qonaqları kitabına ürək sözlərini yazdı.
Günün sonunda Azərbaycan və Sverdlovsk vilayəti hökumətləri arasında ticarət-iqtisadi, elmi və mədəni əməkdaşlıq haqqında sazişə dair Protokolun imzalanması mərasimi oldu.
Baş nazir Artur Rasizadə və Sverdlovsk vilayətinin qubernatoru Eduard Rossel qarşılıqlı iqtisadi, elmi və mədəni əlaqələrin daha yüksək səviyyəyə qaldırılacağına ümidvar olduqlarını bildirdilər.
İmzalanma mərasimindən sonra qubernator Eduard Rosselin adından Azərbaycan nümayəndə heyətinin şərəfinə qəbul təşkil olundu.
Tədbirlərdə Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov, digər rəsmi şəxslər iştirak edirdilər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq