SİYASƏT
Azərbaycan icması Krımda 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrə həsr olunmuş beynəlxalq konfrans keçirilməsi təşəbbüsünü irəli sürür
Bakı, 23 aprel (AZƏRTAC). Krımın Azərbaycan icmasının başçısı Rəhim Hümbətov AZƏRTAC-a bildirmişdir ki, Krımda yaşayan Azərbaycan icması Krımda 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrə həsr olunmuş beynəlxalq konfrans keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.
Krımın Azərbaycan icmasının başçısı demişdir: “Krım türklərə yad bir yer deyildir, o, Osmanlı imperiyasının tərkibində olmuşdur. Bir çoxları Krımın da postsovet məkanının “qaynar” nöqtəsinə çevriləcəyini bildirsə də, Krım liderlərinin siyasi müdrikliyi sayəsində daha bir potensial millətlərarası münaqişədən qaçmaq mümkün olmuşdur. Beləliklə, krımlılar dünyaya nümayiş etdirdilər ki, müxtəlif fitnəkarlıqlara baxmayaraq, ümumi dil tapmaq mümkündür”.
Rəhim Hümbətov demişdir: “Buna görə də, zənnimcə, Krım həm türklər, həm də ermənilər, hətta proses müsbət məcrada gedərsə, həmçinin azərbaycanlılar və ermənilər üçün görüşlər, ümumi dil tapmaq cəhdləri üçün münasib yerdir.
Əgər təklifimiz dəstəklənsə, konfransa Fransa, ABŞ, Almaniya, Rusiya, İran, Azərbaycan, Türkiyə və başqa ölkələrdən alimlər və siyasətçilər dəvət edəcəyik”.
Konfransın keçirilməsindən məqsəd Osmanlı imperiyasında baş vermiş hadisələr barədə beynəlxalq ictimaiyyətdə qərəzsiz və hərtərəfli təsəvvür yaradılması, ermənilərlə türklər arasında toqquşmalar haqqında doğru-dürüst informasiya verilməsi, habelə onların arasında dialoq üçün meydan yaradılmasıdır. Azərbaycan icmasının başçısı bildirmişdir: “Hesab edirəm ki, belə konfransın keçirilməsi qarşılıqlı anlaşmanı yaxşıladıracaq, bu dialoqa ehtiyacı olan tərəflərin mövqelərini bir-birinə yaxınlaşdıracaqdır. Təklif Türkiyə, Ermənistan səfirliklərinə, habelə erməni diasporu təşkilatlarına göndərilmişdir”.