Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Qırmızı qəsəbəni ziyarət edib
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kollektivi Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının (ADYDİ) rəhbəri Melih Yevdayevin müşayiəti ilə Qubada yerləşən Qırmızı qəsəbədə olub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, institutun nümayəndələrinə yəhudilərin Qırmızı qəsəbədə, həmçinin Azərbaycanda məskunlaşması tarixi, ölkəmizdəki multikultural mühit və tolerantlıq ənənələri haqqında ətraflı məlumat verilib.
İnstitutun kollektivi “Giləki” və “Altı günbəz” sinaqoqları ilə yaxından tanış olub. Onlara məlumat verilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, bütün respublikada olduğu kimi, Qırmızı qəsəbədə də dirçəliş dövrü başlanıb. Sinaqoqlar təmir edilib, dini ayinlər yenidən sərbəst şəkildə yerinə yetirilməyə başlanıb. Buradakı sinaqoqların birində Yəhudi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, uşaqlar dərsdənkənar vaxtlarında yəhudilərin adət-ənənələrini öyrənirlər.
Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov və ADYDİ-nin rəhbəri Milix Yevdayev yəhudiliyin inanc və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərə etiqad göstərənlərin birlikdə yaşama təcrübəsi mövzularında sualları cavablandırıblar.
Xatırladaq ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi, onlarda sosial məsuliyyət vərdişlərinin aşılanması istiqamətlərində ardıcıl tədbirlər təşkil edir.