SİYASƏT
Azərbaycan ilə Botsvana arasında ticari-iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Botsvananın ticarət və sənaye naziri xanım Dorkas Makqato-Malesu ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycan iqtisadiyyatı, ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat vermişdir.
Söhbət zamanı Azərbaycan ilə Botsvana arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Bunun üçün iki ölkə arasında hüquqi bazanın yaradılması, iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Botsvanalı nazir ölkəsində əlverişli sərmayə mühitinin olduğunu bildirmiş və azərbaycanlı iş adamlarına lazımi şəraitin yaradılması üçün hazır olduqlarını vurğulamışdır.