SİYASƏT
Azərbaycan ilə GUAM arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunmuşdur
Bakı, 11 oktyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə keçirilmiş prezident seçkilərini müşahidə edən GUAM-ın baş katibi Valeri Çeçelaşvili ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə GUAM arasında əlaqələrin cari vəziyyəti və əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Həmçinin təşkilata üzv ölkələr arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyəti vurğulanmışdır.
Valeri Çeçelaşvili GUAM-ın fəaliyyəti, digər beynəlxalq təşkilatlarla və ölkələrlə qurduğu əməkdaşlıq haqqında məlumat vermişdir.
Görüşdə GUAM-ın nəzərdə tutulan tədbirləri barədə fikir mübadiləsi və məsləhətləşmələr də aparılmışdır.