Azərbaycan ilə Gürcüstan rəqəmsal texnologiyalar, fiber optika sahəsində də uğurla əməkdaşlıq edir
Tbilisi, 14 sentyabr, AZƏRTAC
Azərbaycan ilə Gürcüstan təkcə nəqliyyat sahəsində deyil, rəqəmsal texnologiyalar, fiber optika sahələrində də uğurla əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovla Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili arasında keçirilən görüşdə səslənib.
Görüşdə iki ölkə arasında rəqəmsal texnologiyalar, xüsusən də fiber optika sahəsində əməkdaşlıq, internet provayderlərin inkişafı, Azərbaycanın bu sahədə reallaşdırdığı layihələr, dənizin dibi ilə çəkilən fiber optik kabelin perspektivləri və Gürcüstan tərəfinin dəstəyi barədə fikir mübadiləsi aparılıb.
Bildirilib ki, dünyada gedən proseslər texnoloji sahədə real və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Söhbət zamanı bu və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi