ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub
Bakı, 6 iyun, AZƏRTAC
ABŞ-nin Azərbaycandakı səfirliyi EducationUSA Azərbaycan və Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə tərəfdaşlıq çərçivəsində iyunun 6-da ABŞ Məzunları Sərgisini təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir azərbaycanlı tələbələri, valideynləri, məzunları və təhsil sahəsinin nümayəndələrini bir araya gətirərək ABŞ-də ali təhsil imkanlarını araşdırmaq üçün platforma yaradıb.
Sərgidə 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub. Tədbirdə həmçinin 50-dən çox azərbaycanlı məzun və ABŞ səfirliyinin əməkdaşları da iştirak ediblər. İştirakçılar Yale, Harvard, Kolumbiya, Karnegi Mellon Universiteti və digər nüfuzlu Amerika ali təhsil müəssisələrinin bakalavr, magistratura və mübadilə proqramları haqqında birbaşa məlumat əldə etmək imkanı qazanıblar.
Açılış mərasimində çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Emi Karlon ABŞ-də ali təhsilin azərbaycanlı tələbələr arasında getdikcə daha çox maraq doğurduğunu vurğulayıb: “Ötən tədris ilində 1 329 azərbaycanlı tələbə ABŞ-də təhsil alıb ki, bu da əvvəlki illə müqayisədə 18 faiz artım deməkdir. Ardıcıl dördüncü ildir ki, əhəmiyyətli artım müşahidə olunur və bu, Amerika ali təhsilinin yüksək keyfiyyətinə artan etimadı əks etdirir”.
Tədbirdə, həmçinin EducationUSA məsləhət xidmətləri, Virtual American Spaces və ABŞ hökuməti tərəfindən maliyyələşdirilən mübadilə proqramları təqdim olunub. Bundan əlavə, ABŞ səfirliyinin konsulluq əməkdaşları tələbə vizaları ilə bağlı xüsusi təqdimat keçirərək müraciət prosesi barədə məlumat verib, gələcək tələbələrin və onların ailələrinin suallarını cavablandırıblar.
Sərgi Azərbaycanlı tələbələr arasında ABŞ-də ali təhsil almağa artan marağı bir daha nümayiş etdirib və iki ölkə arasında mövcud olan güclü təhsil əlaqələrini vurğulayıb.