Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı
Qobustan, 6 iyun, AZƏRTAC
Qobustan rayonunda işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması məqsədilə əmək yarmarkası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialının təşkilatçılığı, Qobustan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbir Qobustan şəhərindəki Heydər Əliyev adına parkda baş tutub.
Aktiv məşğulluq tədbirinə dövlət və özəl sektoru təmsil edən 19 işəgötürən qatılıb. Yarmarkada müxtəlif fəaliyyət sahələrini əhatə edən ümumilikdə 91 vakansiya işaxtaranlara təqdim olunub.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Yeni Azərbaycan Partiyasının Qobustan rayon təşkilatının sədri Qasım Qasımov və digər məsul şəxslər iştirak ediblər. Rəhbər şəxslər işəgötürənlərlə görüşərək təqdim olunan vakansiyalar və əmək bazarının mövcud tələbləri ilə yaxından tanış olublar.
Yarmarkaya 130-dan çox işaxtaran vətəndaş qatılıb. İştirakçılara mövcud vakansiyalar, iş şəraiti, əməkhaqqı və iş öhdəlikləri barədə məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul olunaraq işəgötürənlər tərəfindən qiymətləndirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Tədbir çərçivəsində vətəndaşlara aktiv məşğulluq proqramları, peşə hazırlığı kursları, özünüməşğulluq imkanları və digər məşğulluq xidmətləri barədə də məlumat təqdim olunub.
Qeyd edək ki, əmək yarmarkalarının keçirilməsində əsas məqsəd işaxtaran və işsiz vətəndaşların əmək bazarına inteqrasiyasını sürətləndirmək, işəgötürənlərin kadr tələbatının qarşılanmasına dəstək göstərmək və məşğulluq səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir.
Müxbir - Rəşad Türkoğlu