SİYASƏT
Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə keçirilən rəsm müsabiqəsi başa çatmışdır
Bakı, 23 aprel (AZƏRTAC). Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adını daşıyan Eksperimental dillər məktəbində keçirilən rəsm müsabiqəsi başa çatmışdır.
Azərbaycanın Misirdəki səfirliyinin təşkil etdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması məqsədi ilə aprelin 19-da həmin məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən məktəbin direktoru xanım Abir Əbdür Rəhman bu təhsil müəssisəsinin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
Xanım Abir Əbdür Rəhman Eksperimental dillər məktəbi ilə Azərbaycan səfirliyi arasında yaranmış uğurlu əməkdaşlığı yüksək qiymətləndirmiş, bu yaxınlarda təhsil ocağında yenidənqurma işlərinin aparılmasına görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişdir.
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev tədbirdə çıxış edərək məktəbə bundan sonra da lazımi dəstəyin göstəriləcəyini bildirmişdir.
Səfir Misirin Qəlyubiyyə əyaləti ilə qardaşlaşmış Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Misir dillər məktəbi və Eksperimental dillər məktəbi arasında əlaqələrin qurulmasının, eləcə də müəllim və şagird mübadiləsinin vacibliyini vurğulamışdır.
Diplomat Azərbaycan ilə Misir arasında əlaqələrin tarixi, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti barədə də məlumat vermişdir.
Sonra məktəbin hamilər şurasının sədri Əbubəkr Ramazan və Əl-Obur şəhər təhsil idarəsinin müdiri Həsən Saleh çıxış edərək, məktəbə göstərilən hərtərəfli dəstəyə görə Heydər Əliyev Fonduna və səfirliyə təşəkkür etmişlər.
Sonra müsabiqə qalibləri mükafatlandırılmışdır.