SİYASƏT
AZƏRBAYCAN İLƏ MOLDOVA ARASINDA HÜQUQİ SAHƏDƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Bakı, 16 noyabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan Moldovanın ədliyyə naziri Aleksandru Tanase noyabrın 16-da respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ilə görüşmüşdür.
Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafını vurğulayan nazir Fikrət Məmmədov zəngin müqavilə-hüquq bazasının, həmçinin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə mühüm zəmin yaratdığını söyləmiş, ölkəmizdə ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan ətraflı danışmışdır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkələrimiz arasında hərtərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edən nazir A.Tanase, respublikamızda baş verən sürətli iqtisadi tərəqqi barədə məlumatı olduğunu bildirmiş, məhkəmə-hüquq, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə aparılan islahatlara maraq göstərərək, əldə olunmuş yüksək nailiyyətləri alqışlamışdır. Qonaq təcrübə mübadiləsinin səmərəsini qeyd edərək Milli Məclisdə yuvenal ədliyyə üzrə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulamışdır.
Görüşdə əməkdaşlığın perspektivləri, korrupsiya ilə mübarizə sahəsində Azərbaycanın təcrübəsi və digər məsələlər müzakirə olunmuş, faydalı fikir mübadiləsi aparılmışdır.
Qonaq, həmçinin nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşdur.
Həmin gün Moldovanın ədliyyə naziri ölkəmizdə penitensiar sahədə aparılan islahatlar ilə yaxından tanış olmaq üçün beynəlxalq standartlara uyğun inşa olunmuş yeni Bakı istintaq təcridxanasına baş çəkmişdir. Noyabrın 17-də isə qonaq Ali Məhkəmənin fəaliyyəti və müasir binası ilə tanış olacaqdır.
######