CƏMİYYƏT
Azərbaycan ilə Niderland Krallığı arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
Bakı, 20 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov dekabrın 20-də Niderland Krallığının ölkəmizdəki səfiri Arjen Peter Uijterlinde ilə görüşmüşdür.
DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Arzu Rəhimov ölkələrimiz arasında miqrasiya sahəsində əlaqələrin inkişafından məmnunluğunu, gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etmişdir.
Səfir Arjen Peter Uijterlinde Azərbaycan ilə Niderland Krallığı arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, eləcə də hüquqi yardım sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşdə səfirliyin İstanbul şəhərində fəaliyyət göstərən miqrasiya işləri üzrə konsulu xanım Simone Van Beek və Moskva şəhərinə təyin edilmiş polis işləri üzrə məsul şəxs Willem Geurkink iştirak etmişlər.