ELM VƏ TƏHSİL
AZƏRBAYCAN İLƏ QAMBİYA ARASINDA TƏHSİL ƏLAQƏLƏRİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILMIŞDIR
Bakı, 13 aprel (AZƏRTAC). Təhsil Nazirliyindən bildirmişlər ki, aprelin 13-də nazir Misir Mərdanov Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə M.Mərdanov ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına böyük önəm verdiyini, ümummilli liderin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır.
Nazir, eyni zamanda, ölkəmizin təhsil sistemi və bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. O, son illərdə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızda 2 mindən çox məktəb binasının, ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpusların tikildiyini, əsaslı təmir olunduğunu diqqətə çatdırmışdır.
Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu xatırladan M.Mərdanov qeyd etmişdir ki, hazırda 10 mindən çox azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində, 7 minədək əcnəbi tələbə isə ölkəmizin ali məktəblərində təhsil alır. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində yüzlərlə azərbaycanlı gəncin ayrı-ayrı ölkələrin universitetlərində oxuduqlarını da nəzərə çarpdırmışdır.
M.Mərdanov Qambiya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin əhəmiyyətini vurğulamışdır.
Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammeh öz ölkəsi ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin yaradılmasına böyük önəm verdiklərini bildirmişdir.
Ali təhsil sahəsində əməkdaşlığın qurulması istiqamətlərindən bəhs edən qonaq qambiyalı gənclərin Azərbaycan universitetlərində, xüsusilə, Azərbaycan Dövlət Neft Akademiyasında, Milli Aviasiya Akademiyasında təhsil almasında maraqlı olduqlarını vurğulamışdır.
Qambiyanın ali təhsil, tədqiqatlar, elm və texnologiyalar naziri Mamadu Tanqara təmsil etdiyi ölkənin təhsil sistemi barədə danışmışdır.