SİYASƏT
Azərbaycan ilə Seneqal arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunmuşdur
Bakı, 23 aprel (AZƏRTAC). Azərbaycanın Mərakeşdəki səfiri Sabir Ağabəyov Seneqalın yeni təyin edilmiş xarici işlər naziri Aliun Badara Sisse ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Seneqal arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.
S.Ağabəyov Azərbaycan Prezidenti İlham Əliyevin Seneqalın Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Məkki Salla ünvanladığı təbrik məktubunu nazir A.B.Sisseyə təqdim etmişdir.
Daha sonra S.Ağabəyov A.B.Sissenin Seneqalın xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun təbrik məktubunu ona təqdim etmişdir. Məktubda, həmçinin Seneqalın xarici işlər naziri ölkəmizə səfərə dəvət edilmişdir.
Görüşdə səfir ölkəmizin tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların hazırkı vəziyyəti və bu məsələdə Azərbaycanın ədalətli mövqeyi barədə nazirə ətraflı məlumat vermişdir.
Azərbaycan-Seneqal əlaqələrinə toxunan diplomat ölkələrimizin bir sıra beynəlxalq nüfuzlu təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır.
Bakı ilə Dakarın qardaşlaşmış şəhərlər olduğunu vurğulayan S.Ağabəyov ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovun dəvətini böyük məmnuniyyətlə qəbul edən A.B.Sisse ölkələrimizin BMT və İslam Əməkdaşlıq Təşkilatı kimi mötəbər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirmişdir.
Nazir Azərbaycan ilə Seneqal arasında siyasi, iqtisadi əlaqələrin, eləcə də mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.
A.B.Sisse Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın ədalətli mövqeyinin Seneqal tərəfindən daim dəstəklənəcəyini bildirmişdir.
Görüşdə Azərbaycanın tarixi, coğrafiyası, turizm imkanları, o cümlədən Dağlıq Qarabağ haqqında fransız və ingilis dillərində nəşr edilmiş kitablar seneqallı nazirə təqdim edilmişdir.