SİYASƏT
Azərbaycan ilə Tacikistan arasında rabitə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir
![Azərbaycan ilə Tacikistan arasında rabitə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir](/files/2013/3/1200x630/14071451654932958018_1200x630.jpg)
Bakı, 29 noyabr (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov noyabrın 29-da bu ölkənin hökuməti yanında Rabitə Xidmətinin rəhbəri Beq Zuhurov ilə görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə əsasən iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır. Söhbət zamanı dövlətlərimizin başçıları arasında sıx dostluq əlaqələrinin olduğu məmnunluqla qeyd edilmişdir. Bununla yanaşı, ölkələrimiz arasında birbaşa hava əlaqəsinin olmamasının münasibətlərin dərinləşdirilməsinə maneə yaratdığı təəssüf hissi ilə bildirilmişdir.
Səfir A.Həsənov Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun salamlarını və dəvətini B.Zuhurova çatdırmışdır. Diplomat vurğulamışdır ki, Azərbaycanın dövlət inkişaf proqramında informasiya texnologiyalarına xüsusi diqqət yetirilir və bu sahə ikitərəfli münasibətlərdə mühüm əhəmiyyət kəsb edir.
Ölkələrimiz arasında rabitə sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdıran A.Həsənov Azərbaycanın “Azərspace-1” peykinin imkanlarından və internet xidmətlərindən Tacikistanın istifadəsinin mümkünlüyü təklifini irəli sürmüşdür.
Azərbaycana bir neçə dəfə səfər etdiyini bildirən B.Zuhurov ölkəmizə hər gəlişində sürətli inkişafın şahidi olduğunu, əzəmətli binaların tikildiyini, Bakının ildən-ilə gözəlləşdiyini vurğulamışdır. O, rəhbərlik etdiyi qurum üçün də müasir üslubda otuzmərtəbəli yeni binanın tikildiyini vurğulamışdır. B.Zuhurov dekabrın 2-də “Kibertəhlükəsizlik sahəsində qlobal əməkdaşlıq: problemlər və onların həlli yolları” mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana növbəti dəfə səfər edəcəyini diqqətə çatdırmışdır.
Ötən il “BakuTel-2012” beynəlxalq sərgisində iştirakını məmnunluqla xatırladan B.Zuhurov Prezident İlham Əliyevin sərginin pavilyonları ilə yaxından tanış olduğunu rəğbət hissi ilə qeyd etmişdir.
Səfir A.Həsənov Azərbaycanın dinamik inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olduğunu vurğulamışdır. Diplomat Azərbaycanda gedən quruculuq işləri haqqında məlumat vermiş, Tacikistanda yaranmış sabitliyin və həmrəyliyin bu ölkənin də sürətli inkişafına zəmin yaratdığını vurğulamışdır. A.Həsənov Orta Asiya və Avropanı Cənubi Qafqazdan keçməklə birləşdirəcək dəmiryolu layihələrinin çəkilməsindən sonra xalqlarımız arasında tarixən formalaşmış dostluq və mədəni əlaqələrin iqtisadi sahədə də ortaq maraqlarımıza uyğun olaraq daha da inkişaf edəcəyini bildirmişdir.