İDMAN
Azərbaycan kanoeçisi Aleksey Kupin Avropa çempionatında iki medal qazanmışdır
Bakı, 1 iyul (AZƏRTAC). Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilmiş Avropa çempionatını Azərbaycan milli komandası 2 bürünc medalla başa vurmuşdur.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, hər iki medala yeniyetmə kanoeçimiz Aleksey Kupin sahib olmuşdur.
A.Kupin 1 nəfərlik qayıqla həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə əsas finaladək irəliləyərək yekunda üçüncü olmuşdur. O, 1000 metr məsafəni 4 dəqiqə 1,778 saniyəyə, 500 metr məsafəni isə 1 dəqiqə 55,192 saniyəyə qət etmişdir.
Digər təmsilçilərimizdən Mirnazim Cavadov da əsas finaladək irəliləyə bilmişdir. O, 23 yaşadək kayakçıların yarışında 1 nəfərlik qayıqla həlledici yürüşdə 500 metr məsafəni 1 dəqiqə 49,826 saniyəyə qət edərək yeddinci olmuşdur. Min metr məsafəyə yürüşdə isə M.Cavadov B finalında çıxış etmiş və 38,792 saniyə nəticə ilə ümumi sıralamada 14-cü olmuşdur.
Kanoeçilərin mübarizəsində 200 metr məsafəyə yürüşdə B finalında Mikita Sablin 1 nəfərlik qayıqla yeniyetmələr arasında 45,724 saniyə göstərici ilə 11-ci, Anatoli Melnik isə 23 yaşlılar arasında 46,007 saniyə nəticə ilə 15-ci yeri tutmuşdur. Kayakçımız Amil Hüseynli B finalında 200 metr məsafəyə həm 1 nəfərlik qayıqla (40,362 saniyə), həm də Yasin Əhmədovla birgə 2 nəfərlik qayıqla (37,011 saniyə) yürüşlərdə 14-cü olmuşdur. Bu duet 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finişə 1 dəqiqə 38,844 saniyəyə çataraq, 16-cı yerlə kifayətlənmişdir. Nəhayət, kayakçımız Məhəmmədtahir Hüseyniafşar 1 nəfərlik qayıqla 23 yaşlılar arasında 1000 metr məsafəyə yürüşdə B finalında 3 dəqiqə 44,120 saniyə nəticə ilə 18-ci olmuşdur.