ELM VƏ TƏHSİL
Azərbaycan Memarlıq və İnşaat Universitetinin elmi şurası keçirilmişdir
Bakı, 6 aprel (AZƏRTAC). Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) elmi şuranın iclası keçirilmişdir.
AMİU-dan AZƏRTAC-a bildirmişlər ki, iclasda bu ali təhsil ocağının inşaat fakültəsinin dekanı Hikmət Məmmədovun anadan olmasının 75 illik yubileyi qeyd olunmuşdur.
Tədbirdə universitetin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova ömrünün ən gözəl anlarını gənclərimizin təlim-tərbiyəsinə həsr etmiş yubilyarın mənalı həyat yolundan söhbət açmışdır. Rektor H.Məmmədovun 10-dan çox dərsliyin, dərs vəsaitinin, monoqrafiyanın və Azərbaycan, rus və fransız dillərində 130-a yaxın elmi məqalənin müəllifi olduğunu diqqətə çatdırmışdır. O, yubilyarın fakültə dekanı kimi də fəaliyyətini çox yüksək dəyərləndirmişdir.
G.Məmmədova rektorluq, elmi şura üzvləri adından H.Məmmədovu təbrik etmiş, ona cansağlığı, uzun ömür, gənclərin təlim və tərbiyəsi kimi nəcib işində uğurlar arzulamışdır
H.Məmmədov ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.