CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti ABŞ-da təcrübədə olmuşdur
Bakı, 20 dekabr (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Milli Məclis Aparatının, Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyinin və Konstitusiya Araşdırmalar Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti ABŞ-da təcrübə səfərində olmuşdur.
ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi əqli geriliyi olan insanlar üçün nəzərdə tutulan icma əsaslı xidmətlərin təşkili və onların iqtisadi əsasları, forma və növləri ilə bağlı ABŞ təcrübəsinin öyrənilməsidir.
Səfər zamanı keçirilən görüşlərdə nümayəndə heyətimizə əqli geriliyi olan insanlara müxtəlif formalarda göstərilən sosial xidmətlər, onlar üçün hökumətin xidmət paketi və s. barədə məlumatlar verilmiş, Azərbaycan ilə ABŞ-ın müvafiq qurumları arasında sosial sahədə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılmışdır.
Səfərdə Keystone İnsan Xidmətləri Təşkilatı ilə sosial xidmətlər sahəsində birgə əməkdaşlığın həyata keçirilməsi, bu məqsədlə 2012-ci ilin birinci rübündə danışıqların davam etdirilməsi və yerli şəraitin öyrənilməsi üçün həmin təşkilatın rəhbərliyinin Azərbaycana səfəri barədə razılıq əldə edilmişdir.