ELM VƏ TƏHSİL
Azərbaycan nümayəndə heyəti Belarus innovasiya həftəsində iştirak edəcəkdir
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının və Milli Aviasiya Akademiyasının əməkdaşlarından ibarət nümayəndə heyəti noyabrın 15-dən 18-dək Minskdə keçiriləcək “İntellekt. Təşəbbüs. İnnovasiyalar” mövzusunda Belarus innovasiya həftəsində iştirak edəcəkdir.
Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, həftə çərçivəsində innovasiya araşdırmaları və investisiya layihələri sərgisi təşkil olunacaq, “2011-2015-ci illər üçün Belarus Respublikasının innovasiya inkişafı strategiyası” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.
Həftənin proqramına bir sıra ölkələrə həsr olunmuş beynəlxalq tədbirlərin, o cümlədən “Belarus-Azərbaycan”, ”Belarus-Hindistan”, “Belarus-Çin”, “Belarus-Qazaxıstan”, “Belarus-Rusiya” və s. forumların keçirilməsi daxildir.
Belarus innovasiya həftəsini bu ölkənin Baş naziri Mixail Myasnikoviçin və “Skolkovo” Fondu Elmi Məsləhət Şurasının həmsədri, fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorovun açması nəzərdə tutulmuşdur.
Həftənin tədbirləri zamanı iştirakçı ölkələrin aparıcı elmi müəssisələri arasında təcrübə mübadiləsi həyata keçiriləcək, innovasiya sahəsində əməkdaşlıq layihələri müzakirə olunacaqdır.