RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR](/files/2007/2/1200x630/14869881972252939117_1200x630.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Prezident sarayında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kerolin Braunun etimadnaməsini qəbul etmişdir.
Xanım Kerolin Braun Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərək dedi:
- Zati-aliləri cənab Prezident, Kraliça Ülyahəzrət II Elizabetin məni Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin etməsinə dair etimadnaməni Sizə təqdim etməkdən şərəf duyuram.
Sələfimin geri çağırılmasına dair məktubu da Sizə təqdim edirəm.
Eyni zamanda, Ülyahəzrətin Sizə və ailənizə cansağlığı diləklərini və ölkələrimiz arasında gözəl münasibətlərin davam etməsi üçün ən səmimi arzularını çatdırmaqdan da şərəf duyuram.
Xatirə şəkli çəkdirildikdən sonra söhbət səmimi şəraitdə davam etdirildi.
Prezident İlham Əliyev səfiri təbrik etdi, yeni vəzifəsində müvəffəqiyyətlər arzuladı. Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini və genişləndiyini bildirdi. Azərbaycan-Böyük Britaniya əlaqələrini yüksək qiymətləndirən Prezident İlham Əliyev bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğuladı.
Sonra səfir Kerolin Braun Birləşmiş Krallığın Baş naziri Qordon Braunun məktubunu Prezident İlham Əliyevə təqdim etdi.
Məktubda deyilir:
“Hörmətli Prezident Əliyev,
Təbrik məktubunuza görə minnətdaram.
Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər həm siyasi baxımdan, həm də enerji sektorunun inkişafı baxımından əladır. Ümid edirəm ki, biz bir çox sahələrdə, o cümlədən bütün Cənubi Qafqaz regionundakı problemlərin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində birgə işimizi davam etdirəcəyik.
Mən həmçinin inanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcək və biz birgə səylərimizlə daha sabit, təhlükəsiz, demokratik və çiçəklənən bütün Avropanı quracağıq.”
Sonda xanım Kerolin Braun iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səyini əsirgəməyəcəyini bildirdi.