RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASI XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ SERGEY KİSLYAKIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASI XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ SERGEY KİSLYAKIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR](/files/2007/2/1200x630/1486988264548125706_1200x630.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Prezident sarayında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Kislyakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Sergey Kislyak ölkəmizə səfərinin Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə münasibətlər ətrafında müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını qeyd etdi. Qonaq Rusiyanın Azərbaycana dost və strateji tərəfdaş kimi baxdığını bildirdi. O, iki ölkənin prezidentləri arasında keçirilən görüşlərin əlaqələrimizin daha da gücləndirilməsinə xüsusi təkan verdiyini vurğuladı.
Dövlətimizin başçısı bu yaxınlarda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə keçirdiyi görüşü məmnuniyyətlə xatırlayaraq, bu görüş zamanı ikitərəfli münasibətlər, regionda vəziyyət və digər məsələlər ətrafında geniş müzakirələrin aparıldığını qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin səmimi, etibarlı və möhkəm xarakter daşıdığını bildirdi və əlaqələrimizin inkişafından məmnunluğunu ifadə etdi. O, Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyini vurğuladı.