ELM VƏ TƏHSİL
“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda sərgi təşkil olunmuşdur
Bakı, 14 oktyabr (AZƏRTAC). Oktyabrın 14-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş “Azərbaycan Respublikası Azərbaycan Xalqı Cümhuriyyətinin tarixi varisidir” mövzusunda sərgi təşkil olunmuşdur.
Tədbiri kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli açaraq ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. A.Əliyeva-Kəngərli Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamının əhəmiyyətini vurğulayaraq demişdir ki, müstəqilliyimizin bərpasının iyirminci ildönümü ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisədir.
Sərgidə Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsi, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması, Azərbaycan Respublikasının sələfi Azərbaycan Xalq Cümhuriyyəti haqqında sənədlər və AMEA-nın müstəqillik illərində ölkəmizin iqtisadi, siyasi, sosial və mədəni inkişafında qazandığı elmi nailiyyətlərini əks etdirən fundamental nəşrlər nümayiş olunur. Sərgi oxuculara 3 bölmədə - “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk hüquqi, dünyəvi, demokratik respublika”, “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” və “Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nailiyyətləri” -təqdim olunur. Sərgidə Azərbaycan, rus, ingilis dillərində 4000-ə qədər kitab, monoqrafiya, məcmuə və jurnallar vardır.
Tədbirdə A.Əliyeva-Kəngərlinin tərtibatında, Yaqub Mahmudovun elmi redaktorluğu ilə “Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyəti” kitabının təqdimatı da keçirilmişdir.
Sərgi oktyabrın 30-dək davam edəcəkdir.