AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız ötən illər ərzində özünü tam doğrultmuş, demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlində dayanmış, demokratikləşdirmə, insan hüquqlarının və azadlıqlarının bərqərar olması, qanunun aliliyinin təmin edilməsi, bazar iqtisadiyyatının qurulması istiqamətində həyata keçirilən siyasi, iqtisadi, sosial və hüquq islahatları üçün möhkəm qanunvericilik bazası yaratmışdır.
Lakin həyat inkişaf etdikcə ictimai münasibətlərdə də dərin və geniş miqyaslı dəyişikliklər baş verir. Bütün bunlar cəmiyyət və dövlət həyatının müxtəlif sahələrini tənzimləyən Konstitusiyanın daha da təkmilləşdirilməsi zərurətini irəli sürür. Eyni zamanda, müstəqil dövlətimizin siyasi həyatında cərəyan edən proseslər, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin getdikcə möhkəmlənməsi, Avropa xalqları ailəsinə inteqrasiyasının güclənməsi üzv olduğu beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürməsi Konstitusiyanın mətnində müvafiq dəyişikliklər aparılmasını tələb edir.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 2002-ci il 22 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının referendum aktı layihəsini ümumxalq səsverməsinə çıxarmışdır. 2002-ci il avqustun 24-nə təyin edilmiş referenduma çıxarılan məsələlər tamamilə aktualdır və Azərbaycanda dövlət quruculuğunun hüquqi bazasının təkmilləşdirilməsinə və möhkəmləndirilməsinə yönəldilmişdir. Konstitusiyada edilməsi nəzərdə tutulan dəyişikliklər insan hüquqlarının və azadlıqlarının qorunmasının əlavə təminatları, seçki sistemi, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsi, məhkəmə hakimiyyətinin rolunun artması ilə bağlıdır.
Referendum aktının layihəsi mətbuatda dərc edildiyi vaxtdan Azərbaycan ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. Müxtəlif toplantılarda aparılan geniş müzakirələr göstərir ki, bütövlükdə xalqımız referendum aktı layihəsinin zəruriliyini dərindən dərk edir və müsbət qiymətləndirir.
Lakin özünü müxalifət adlandıran bəzi radikal qruplar Azərbaycanın parlaq inkişafına xidmət edən bu alicənab təşəbbüsə mənfi münasibət bildirirlər. Amma hamı əmin olsun ki, heç bir qüvvə Azərbaycan dövlətini ardıcıl inkişaf yolundan döndərə bilməz.
Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ümumxalq səsverməsinə (referenduma) çıxardığı Konstitusiya dəyişikliklərini dəstəkləyir və onların həyati zərurətini bir daha qeyd edir.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan xalqına müraciət edərək, onu 2002-ci il avqustun 24-nə təyin olunmuş referendumda fəal iştirak etməyə çağırır.
(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 29 iyul tarixli iclasında qəbul edilmişdir)