Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədi ilə qərara alıram:

1. 2011-ci ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin