AZƏRBAYCAN RESPUBLİKASINDA MƏKTƏBƏQƏDƏR TƏHSİLİN YENİLƏŞDİRİLMƏSİ PROQRAMI (2007-2010-cu illər)
Məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malikdir.
Hazırda Azərbaycan Respublikasında 110017 uşağı əhatə edən 1764 məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 545 uşaq bağçası, 1192 körpələr evi-uşaq bağçası, 38 körpələr evi, 4 məktəb-bağça fəaliyyət göstərir. 104533 uşağı əhatə edən 1696 müəssisə Təhsil Nazirliyi sistemində, ikisi isə bilavasitə Təhsil Nazirliyinin tabeliyindədir. Bununla yanaşı, ölkədə müxtəlif nazirlik, şirkət, idarə və təşkilatların tabeliyində olan təhsil müəssisələri, habelə müvafiq qaydada lisenziya almış 3 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 məktəbəqədər xüsusi təhsil müəssisəsi, ümumi təyinatlı 9 müəssisədə 18 xüsusi təyinatlı qrup və 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi mövcuddur.
Keçən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən köklü ictimai-siyasi dəyişikliklər nəticəsində mövcud sosial-iqtisadi infrastrukturun dağılması məktəbəqədər təhsil sisteminin də səmərəliliyinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə səbəb olmuşdur. Həmin dövrdə ölkə iqtisadiyyatının iflic vəziyyətinə düşməsi, əhali arasında kütləvi işsizlik və büdcə gəlirlərinin kəskin azalması bu sahənin fəaliyyətinə mənfi təsir göstərmiş, onun tənəzzülə uğrama meyillərini gücləndirmişdir.
Son 15 ildə Azərbaycanın müxtəlif bölgələrində 85 məktəbəqədər təhsil müəssisəsi bağlanmışdır ki, onların da 45-i Bakı şəhərinin payına düşür.
Məktəbəqədər təhsil müəssisələrinin sayının azalmasının səbəblərindən biri də ölkəmizdə gedən müharibə nəticəsində 242 məktəbəqədər müəssisənin işğal bölgələrində qalması və dağıdılmasıdır. Bununla yanaşı, təcavüzkar erməni millətçilərinin soyqırımı təqibinə məruz qalan 1683 qaçqın və məcburi köçkün ailəsi öz yurdlarını tərk edərək müxtəlif şəhər və rayonlarımızda məktəbəqədər təhsil müəssisələrdə məskunlaşmışdır.
Son onillikdə aparılan uğurlu iqtisadi siyasət, həyata keçirilən məqsədyönlü neft strategiyası və bazar yönümlü islahatların dərinləşməsi ölkənin sosial-iqtisadi inkişafında dönüşün əldə olunmasına imkan vermiş, xalqımızın maddi rifah halının get-gedə yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də XXI əsrin ilk illərindən iqtisadiyyatın dinamik inkişafı sosial sahələrə dövlət qayğısının gücləndirilməsi və bu sahələrə yönəldilən diqqət və resursların önəmli artımı ilə müşayiət olunmuşdur.
Təkcə onu demək kifayətdir ki, 2006-cı ildə dövlət büdcəsindən məktəbəqədər təhsil sahəsinə ayrılan maliyyə vəsaitlərinin həcmi 33299111 manat təşkil etmiş və 2005-ci ilə nisbətən 35,7 faiz, 2004-ci ilə nisbətən isə 50 faizdən çox artırılmışdır. Cari ildə məktəbəqədər təhsil üçün dövlət büdcəsindən nəzərdə tutulan vəsaitin həcmi 46987867 manata çatdırılmışdır ki, bu da 2006-cı il səviyyəsindən 41,1 faiz, 2005-ci ildəkindən isə 89,6 faiz çoxdur.
Bütün bunlarla bərabər, məktəbəqədər təhsil sisteminin bugünkü vəziyyəti istər ölkənin mövcud iqtisadi inkişaf səviyyəsi, istərsə də sosial sahədə, o cümlədən əhalinin rifah halının yüksəldilməsində qarşıya qoyulan perspektiv məqsədlər baxımından qənaətbəxş hesab edilə bilməz.
Uzun müddət ərzində məktəbəqədər təhsil sistemində diqqətçəkən irəliləyişə nail olunmamış, bu sahənin inkişafına əngəl törədən problemlərin həllinə istiqamətlənmiş addımlar atılmamışdır. Məktəbəqədər təhsillə əhatə olunmuş hər uşağa düşən maliyyələşmə həddinə görə Azərbaycan orta inkişaf səviyyəli ölkələrlə müqayisə oluna biləcək göstəricilərə nail olsa da, bu gün mövcud olan təşkilati, hüquqi və iqtisadi mexanizmlərin məktəbəqədər təhsil müəssisələrinin yeni şəraitə və bazar iqtisadiyyatının prinsiplərinə uyğun yetərincə səmərəli fəaliyyətini təmin edə bilmədiyi bir reallıq olaraq özünü büruzə verməkdədir.
Hazırda ölkə üzrə məktəbəqədər müəssisələrə uşaqların cəlb edilməsi ümumilikdə 19,6 faiz, şəhər yerlərində 27,6 faiz, kənd yerlərində isə cəmi 8,6 faiz təşkil edir ki, bu da müvafiq göstəricinin 60-90 faiz təşkil etdiyi qabaqcıl ölkələrlə müqayisədə xeyli aşağıdır. Sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların müvafiq xüsusi müəssisələrə cəlb olunması daha aşağı vəziyyətdədir. Ölkədə belə uşaqların sayı 6000-dən artıq olduğu halda, onların yalnız 500 nəfəri (8,3 faiz) məktəbəqədər xüsusi təhsillə əhatə olunmuşdur.
Təəssüf hissi doğuran odur ki, ölkədə mövcud olan məktəbəqədər təhsil müəssisələrindəki uşaq yerlərinin ancaq 70 faizindən istifadə olunur.
Məktəbəqədəryaşlı uşaqların ictimai tərbiyəyə zəif cəlb edilməsi qismən valideynlər arasında işsizliyin olması və bu səbəbdən uşaq bağçaları və körpə evlərinə üz tutulmaması ilə izah oluna bilər. Lakin bu hal daha çox məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının valideynləri qane etməməsi və təlim-tərbiyə işinin tələb olunan səviyyədə qurulmamasından irəli gəlir.
Araşdırmalar göstərir ki, ölkənin kənd rayonları üzrə 130 məktəbəqədər müəssisə yararsız binalarda yerləşir, müəssisələrin 70 faizdən çoxunun əsaslı, 20 faizinin isə cari təmirə ehtiyacı vardır. Bu müəssisələrin əksəriyyətində istilik sistemi işləmir, bərk, yumşaq inventar, uşaq mebeli, idman avadanlığı, müxtəlif oyuncaqlar çatışmır. Bir çox hallarda ərzaq təminatı qənaətbəxşlikdən uzaqdır.
Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilində mövcud olan çatışmazlıqlar nəticə etibarilə uşaqların ibtidai məktəbə hazırlıq səviyyəsinin aşağı düşməsində özünü göstərir. Peşəkar pedaqoji kadrların çatışmaması, çoxvariantlı alternativ proqramların, metodik işləmə və vəsaitlərin olmaması, əyani vəsaitlərin, illüstrasiyalı kitab və təlim vəsaitlərinin, didaktik materialların və təlimin texniki vasitələrinin qıtlığı və günün tələbləri səviyyəsində olmaması məktəbəqədər müəssisələrdə təlimə məzmunca mənfi təsir göstərən başlıca amillərdir.
Qeyd olunan nöqsanların aradan qaldırılması və problemlərin səmərəli həlli, ölkəmizdə məktəbəqədər təhsilin günün tələbləri səviyyəsində qurulmasının təmin olunması məqsədi ilə kompleks məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Dövlət Proqramı hazırlanmışdır.
2. Proqramın məqsəd və vəzifələri
Proqramın əsas məqsədi ölkədə bütün əhali təbəqələri üçün əlçatan və müasir tələblər səviyyəsində qurulmuş məktəbəqədər təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki, təşkilati-hüquqi, iqtisadi və tədris-metodiki şərait yaratmaq və bu zəmində məktəbəqədər təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olmaqdır.
Proqramın uğurla həyata keçirilməsi aşağıdakı vəzifələrin həllini nəzərdə tutur:
- məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi;
- məktəbəqədər təhsil sistemində idarəetmənin müasir sosial-iqtisadi şəraitə uyğun olmaqla, ölkədə təşəkkül tapmış yeni iqtisadi münasibətlər zəminində təkmilləşdirilməsi;
- məktəbəqədər təhsil sistemində yetərli maliyyələşmə səviyyəsini və bu sahəyə yönəldilən resursların rasional istifadəsini təmin edən yeni iqtisadi münasibətlər modelinin formalaşdırılması;
- məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə nail olunması, bütün sosial təbəqələr, o cümlədən aztəminatlı ailələr üçün müasir tələblərə uyğun məktəbəqədər təhsil xidmətlərinin əlçatan olmasının gerçəkləşdirilməsi;
- məktəbəqədər təlim-tərbiyə prosesinin məzmunca yeniləşdirilməsi, uşaqların fiziki, əqli və psixoloji inkişafı, onların məktəbə hazırlığı baxımından beynəlxalq təhsil məkanında son mütərəqqi təcrübənin öyrənilməsi və tətbiqi;
- məktəbəqədər təhsil sahəsinin peşəkar, səriştəli pedaqoji kadrlarla təmin olunması məqsədi ilə bu sahədə kadr siyasətinin günün tələblərinə uyğun qurulması;
- məktəbəqədər təhsilin ictimai statusunun yüksəldilməsi, dövlət qayğısının daha da artırılması ilə yanaşı vətəndaşların, qeyri-dövlət və ictimai qurumların, işgüzar dairələrin bu sahəyə diqqətinin artırılmasına nail olunması.
3. Məktəbəqədər təhsilin yeniləşdirilməsinin əsas istiqamətləri
Məktəbəqədər təhsil sisteminin günün tələblərinə uyğun modernləşdirilməsi, bu sahədə qarşıda duran vəzifələrin uğurlu həlli aşağıdakı başlıca istiqamətlərdə ardıcıl və əsaslandırılmış tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması
və maddi-texniki bazasının təkmilləşdirilməsi:
- məktəbəqədər təhsil müəssisələrinin mövcud şəbəkəsinin optimallaşdırılması, səmərəlilik baxımından dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilməsi məqsədəmüvafiq hesab olunmayan məktəbəqədər təhsil müəssisələrinin Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 1635 nömrəli Sərəncamına uyğun olaraq profili saxlanılmaqla özəlləşdirilməsi;
- məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının qabaqcıl standartlara uyğun inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
- əhalinin məktəbəqədər təhsilə olan tələbatlarının ödənilməsində ehtiyac duyulan şəhər, kənd və qəsəbələrdə müasir səviyyədə yeni məktəbəqədər müəssisələrin yaradılması.
Məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi:
- məktəbəqədər təhsil sisteminin idarə edilməsində mərkəzləşdirilmiş təsərrüfatçılığa və resursların yuxarıdan bölgüsünə əsaslanan inzibati-amirlikdən imtina edilməsi, ölkə üzrə vahid məktəbəqədər təhsil məkanında “tənzimləyici idarəetmə” üslubunun formalaşdırılması, bu məqsədlə normativ-hüquqi, iqtisadi və keyfiyyət tənzimlənməsinə əsaslanan dövlət idarəetmə mexanizmlərinin qurulması;
- məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin səmərəli şəkildə formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə idarəetmənin müxtəlif pillələri (mərkəzi və yerli hakimiyyət orqanları, yerli özünüidarəetmə orqanları (bələdiyyələr), məktəbəqədər təhsil müəssisələri) arasında vəzifə, məsuliyyət və səlahiyyətlərin optimal bölüşdürülməsi, idarəetmə üzrə fəaliyyətin sıx koordinasiyasına nail olunması;
- ictimai idarəetmə və nəzarət mexanizmlərindən daha geniş istifadə olunması, cəmiyyətin maraqlı qruplarının, valideynlərin (qəyyumlar və valideynlər şuraları vasitəsilə) məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində yaxından iştirak etməsinin dəstəklənməsi.
Məktəbəqədər təhsildə yeni iqtisadi münasibətlər modelinin formalaşdırılması:
- məktəbəqədər təhsil sahəsində bazar münasibətlərinin və azad rəqabət prinsiplərinin təsir dairəsinin genişləndirilməsi, qeyri-dövlət mülkiyyət formalarına və sahibkar təşəbbüsünə əsaslanan müəssisələr şəbəkəsinin genişlənməsi üçün cəlbedici investisiya mühitinin yaradılması üzrə tədbirlərin həyata keçirilməsi;
- dövlət büdcəsindən maliyyələşən məktəbəqədər təhsil müəssisələrinin maliyyə-təsərrüfat müstəqilliyinin genişləndirilməsi və onlara xərclər smetasının müstəqil təsdiq etmək və dəyişdirmək hüquqlarının verilməsi istiqamətində tədbirlərin görülməsi;
- məktəbəqədər təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsində subyektiv amillərin aradan qaldırılması, büdcədən ayrılan vəsaitlərin uşaqbaşına normativ maliyyələşdirmə prinsipi ilə müəyyən olunması;
- normativ maliyyələşdirmə şəraitində ölkənin ucqar rayonlarında və kəndlərində, həmçinin azsaylı yaşayış məntəqələrində yerləşən məktəbəqədər təhsil müəssisələrinin dayanıqlığının təmin olunmasına istiqamətlənmiş xüsusi maliyyə dəstəyi mexanizmlərinin qurulması;
- məktəbəqədər təhsil müəssisələri tərəfindən malların və xidmətlərin satınalmasında tender və müsabiqələr vasitəsilə seçimə əsaslanan şəffaf xərclənmə prosedurlarının tətbiqi, onların maliyyə fəaliyyətinə səmərəli ictimai (qəyyumlar və valideynlər şuraları vasitəsilə) və dövlət nəzarət mexanizmlərinin qurulması;
- məktəbəqədər təhsil müəssisələrində çoxmənbəli maliyyələşmə sxemlərinin tətbiq olunması, dövlət tərəfindən müəyyənləşdirilən və büdcədən maliyyələşdirilən əsas təhsil xidmətləri ilə yanaşı, ödənişli əlavə təhsil xidmətləri göstərilməsinin təşviqləndirilməsi;
- məktəbəqədər təhsil xidmətlərinin valideynlərlə kontrakt (müqavilə) münasibətləri əsasında göstərilməsinin tətbiq olunması;
- məktəbəqədər təhsil müəssisələri arasında dövlət büdcəsinin vəsaitləri uğrunda sağlam yarışma mühitinin yaradılması;
- dövlət və qeyri-dövlət təhsil müəssisələrinin fəaliyyəti üçün bərabər şəraitin təmin olunması, tədricən vahid məktəbəqədər təhsil məkanının formalaşdırılması.
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi:
- məktəbəqədər təhsil xidmətlərinə tələbatın təmin edilməsi baxımından ölkə üzrə orta göstəricilərə uyğun olmayan yaşayış ərazilərində dövlət vəsaitləri hesabına məktəbəqədər təhsil müəssisələrinin yaradılması, qeyri-dövlət mənbələrindən bu sahəyə investisiya qoyuluşunun mərkəzi və yerli hakimiyyət orqanları, yerli özünüidarəetmə orqanları (bələdiyyələr) tərəfindən dəstəklənməsi;
- məktəbəqədər təhsilin təşkilati diversifikasiyası vasitəsilə ictimai təlim-tərbiyənin müxtəlif sosial təbəqələr üçün əlçatan olmasının gerçəkləşdirilməsi;
- məktəbəqədər təhsil müəssisələrində qısamüddətli və çevik vaxt cədvəli üzrə yerləşdirilməsinə əsaslanan yeni məktəbəqədər təhsil formalarının təşkili;
- inklüziv təhsilə cəlb olunan məktəbəqədər təhsil müəssisələrinin işinin səmərəli qurulması;
- məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların ailə şəraitində təlim keçmələri üçün valideynlərə tədris-metodiki köməklik göstərilməsi (mövcud uşaq bağçaları və orta məktəblər bazasında məktəbəqədər məsləhət-metodiki mərkəzlərin yaradılması, ailə şəraitində təlim alan uşaqlar üçün xüsusi proqram və vəsaitlərin işlənilməsi, valideynlər üçün seminar və treninqlərin təşkil olunması və s.);
- bazar münasibətləri şəraitində müasir məktəbəqədər təhsil xidmətlərinin aztəminatlı ailələr üçün əlçatan olmasını təmin etmək məqsədi ilə ünvanlı dövlət sosial yardım sisteminin müvafiq istiqamətdə təkmilləşdirilməsi;
- ödənişli məktəbəqədər təhsil xidmətlərin ödənilməsi üzrə valideynlərə vergi güzəştləri mexanizmlərinin tətbiqi;
- ölkə üzrə icbari məktəbəqədər təhsilin tətbiqi imkanlarının araşdırılması və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi;
- məktəbəqədər təhsillə əhatə səviyyəsinin daha da yüksəldilməsi, bu sahədə beynəlxalq təcrübənin tətbiqi, müasir model və mexanizmlərin işlənib hazırlanması.
Məktəbəqədər təhsilin məzmunca yeniləşdirilməsi:
- məktəbə hazırlıq baxımından uşaqların fiziki, sosial-mənəvi, estetik və psixoloji inkişafı, dərketmə və nitq qabiliyyətinin yüksəldilməsi üzrə əsas tələbləri özündə ehtiva edən, həmçinin pedaqoji prosesin humanistləşməsini nəzərdə tutan məktəbəqədər təhsil üzrə milli kurrikulumun hazırlanması və müvafiq qaydada təsdiq olunması;
- məktəbəqədər təhsil üzrə milli kurrikuluma uyğun olaraq, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla dövlət məktəbəqədər təhsil proqramının və variativ proqramların tərtib olunması və tətbiqi;
- xüsusi təyinatlı məktəbəqədər təhsil müəssisələri üçün xüsusi proqramların hazırlanması və tətbiq olunması;
- dövlət məktəbəqədər təhsil proqramı, həmçinin variativ və xüsusi proqramlara uyğun təlim vəsaitlərinin, digər dərs vəsaitlərinin və əyani vəsaitlərin hazırlanması, nəşr olunması, məktəbəqədər təhsil müəssisələrinin bu vəsaitlərlə təmin olunması;
- məktəbəqədər təhsil sistemində qabaqcıl beynəlxalq təcrübə əsasında yeni təhsil texnologiyalarının tətbiqinin dəstəklənməsi;
- məktəbəqədər təhsilin ölkədə vahid təhsil sisteminin digər pillələri ilə əlaqəsinin gücləndirilməsi və sıx inteqrasiyasının təmin olunması;
- ölkədə məktəbəqədər təhsil üzrə monitorinq və qiymətləndirmə sisteminin yaradılması və tətbiq olunması.
Kadr siyasətinin təkmilləşdirilməsi:
- məktəbəqədər təhsil sisteminin pedaqoji kadrlara və digər mütəxəssislərə tələbatının proqnozlaşdırılması işinin müasir tələblərə uyğun qurulması;
- yeni şəraitdə məktəbəqədər təhsil sistemi üçün kadr hazırlığının, ixtisasartırma təhsilinin təkmilləşdirilməsi, məktəbəqədər təhsil müəssisələri üçün menecerlərin və idarəetmə heyəti kadrlarının yetişdirilməsi işinin təşkili;
- məktəbəqədər təhsildə peşəkar, səriştəli pedaqoji kadrların çoxluq təşkil etməsinə nail olunması;
- məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji və digər işçilərin sosial statusunun və maddi rifah halının yüksəldilməsinə istiqamətlənmiş tədbirlərin görülməsi, onların iqtisadi cəhətdən təşviqləndirilməsində məktəbəqədər təhsil müəssisələrinin müstəqilliyinin əhəmiyyətli dərəcədə artırılması;
- kənd yerlərində məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji işçilərə maliyyə və sosial dəstək tədbirlərinin hazırlanması və tətbiq olunması;
- kənd yerlərində və ucqar rayonlarda yerləşən məktəbəqədər təhsil müəssisələri üçün yerli əhali arasından kadr hazırlığını təmin etmək məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi.
Məktəbəqədər təhsilin ictimai statusunun qaldırılması:
- məktəbəqədər təhsilin problemlərinə ictimaiyyətin müxtəlif təbəqələrinin diqqətinin artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin, qlobal internet şəbəkəsinin imkanlarından bu məqsədlə daha geniş istifadə olunması;
- məktəbəqədər təhsil barədə statistik göstəricilər sisteminin beynəlxalq standartlar nəzərə alınmaqla təkmilləşdirilməsi;
- məktəbəqədər təhsil sisteminin mütəmadi monitorinqinin keçirilməsinə nail olunması, monitorinqin nəticələrinin kütləvi informasiya vasitələrində dərc olunması və ictimaiyyətə catdırılması;
- yaxşı nəticələr əldə etmiş məktəbəqədər təhsil müəssisələrinin qabaqcıl iş təcrübəsinin kütləvi informasiya vasitələri ilə geniş işıqlandırılması və yayılmasının dəstəklənməsi.
4. Proqramın maliyyə təminatı
Proqramın maliyyə təminatını bu məqsədlər üçün nəzərdə tutulan dövlət büdcəsi vəsaitləri, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr təşkil edir.
5. Gözlənilən nəticələr
Proqramın yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
- məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazası möhkəmlənəcək, tədris-metodiki təminatı yeniləşdiriləcək;
- məktəbəqədər təhsilin sosial-iqtisadi səmərəliliyi artacaq, məktəbəqədər təhsil müəssisələrinin maliyyə təminatının dayanıqlığına imkan yaranacaq;
- əhalinin məktəbəqədər təhsil xidmətlərinə tələbatı daha dolğun təmin ediləcək;
- bütün əhali təbəqələri üçün müasir standartlara uyğun məktəbəqədər təhsil xidmətlərinin əlçatan olması təmin olunacaq;
- məktəbəqədər təhsilin əhatə dairəsi genişlənəcək, məktəbəqədər təhsil müəssisələrinə cəlb edilən uşaqların sayı artacaq;
- uşaqların təlim-tərbiyəsi, sağlamlığının qorunması, fiziki, intellektual və psixoloji inkişafı üçün əlverişli şərait yaradılacaq;
- kadr təminatı yaxşılaşacaq, kadrların peşəkarlıq səviyyəsi yüksələcək;
- məktəbəqədər təhsilin keyfiyyəti yüksələcək.
6. Proqramın həyata keçirilməsi üzrə tədbirlər planı
Sira N-si | Tədbirlərin adı | İcraçılar | İcra müddəti |
6.1. | Ölkənin zəruri ehtiyac duyulan regionlarında yeni məktəbəqədər təhsil müəssisələrinin inşası, həmçinin mövcud binaların əsaslı və cari təmiri tədbirlərinin 2007-2010-cu illər üzrə həyata keçirilməsi cədvəlinin və maliyyə-smeta sənədlərinin tərtib edilərək təsdiq edilməsi, bu tədbirlərin müvafiq illər üzrə büdcə təxsisatları da nəzərə alınmaqla maliyyələşdirilmə mənbələrinin müəyyənləşdirilməsi | Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları | 2007 |
6.2. | Təsdiq olunmuş cədvəl üzrə ölkənin zəruri ehtiyac duyulan regionlarında yeni məktəbəqədər təhsil müəssisələrinin inşası, mövcud binaların əsaslı və cari təmiri tədbirlərinin həyata keçirilməsi | Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi | 2007-2010 |
6.3. | Özəlləşdirilən məktəbəqədər təhsil müəssisələrinin profil üzrə fəaliyyətinin davam etdirilməsinə nəzarətin və tədris-metodiki dəstək tədbirlərinin həyata keçirilməsi | Təhsil Nazirliyi, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Kömitəsi | Mütəmadi |
6.4. | Məktəbəqədər təhsil sahəsində mövcud norma və normativlərin (qida, inventar, avadanlıq, dərs vəsaitləri, sahə və s.) təkmilləşdirilməsi | Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi | 2007-2008 |
6.5. | “Azərbaycan Respublikasında məktəbəqədər təhsil haqqında” Qanun layihəsinin hazırlanması və müvafiq qaydada Azərbaycan Respublikası Prezidentinə təqdim olunması | Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi | 2007-2008 |
6.6. | Müxtəlif mülkiyyət formaları üçün məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsinin hazırlanması və müvafiq qaydada təsdiq olunması | Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi | 2007-2008 |
6.7. | Məktəbəqədər təhsil müəssisələrinin müvafiq bərk avadanlıq, yumşaq inventar, təlim vəsaitləri, idman avadanlığı və s. ilə təmin olunması üçün zəruri tədbirlərin görülməsi | Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi | 2007-2010 |
6.8. | Dövlət tərəfindən müəyyənləşdirilən və dövlət büdcəsindən maliyyələşdirilən əsas təhsil xidmətlərinin təmin edilməsi məqsədi ilə məktəbəqədər təhsil müəssisələrinin pedaqoji və digər işçilərinin say normativlərinin müvafiq qaydada təsdiq edilməsi | Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 2008 |
6.9. | Məktəbəqədər təhsil sisteminin dövlət tərəfindən idarə edilməsində normativ-hüquqi, iqtisadi və keyfiyyət tənzimlənməsi mexanizmlərinin qurulması üzrə təkliflərin hazırlanması və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması | Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə nazirliyi | 2007-2008 |
6.10. | Məktəbəqədər təhsil sistemində ictimai idarəetmə və nəzarət formalarının tətbiqi üzrə təkliflərin işlənib hazırlanması və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması | Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi | 2007-2008 |
6.11. | Məktəbəqədər təhsil müəssisələrinin büdcə təminatı normativlərinin (uşaqbaşına maliyyələşdirmə normativlərinin) hesablanması metodikasının və tətbiq olunma qaydalarının hazırlanması və təsdiq olunması | Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi | 2008 |
6.12. | Ölkənin ucqar rayonlarında və kəndlərində, həmçinin azsaylı yaşayış məntəqələrində yerləşən məktəbəqədər təhsil müəssisələrinə xüsusi maliyyə dəstəyi mexanizmlərinin qurulması üzrə təkliflərin hazırlanması və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması | Nazirlər Kabineti, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi | 2008 |
6.13. | Valideynlərlə məktəbəqədər təhsil müəssisələri arasında təhsil xidmətlərinin göstərilməsi haqqında nümunəvi müqavilənin hazırlanması və müvafiq qaydada təsdiq olunması | Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi | 2008 |
6.14. | Məktəbəqədər təhsil sahəsində cəlbedici investisiya mühitinin yaradılması üzrə təkliflərin hazırlanması və müvafiq qaydada Azərbaycan Respublikası Prezidentinə təqdim olunması | Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi | 2007 |
6.15. | Məktəbəqədər təhsilin keyfiyyətinə dövlət nəzarətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və müvafiq qaydada Nazirlər Kabinetinə təqdim olunması | Təhsil Nazirliyi | 2008 |
6.16. | 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi istiqamətində təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanması | Təhsil Nazirliyi | 2008 |
6.17. | İnklüziv təhsilin tətbiqi üzrə normativ-hüquqi bazanın yaradılması və təcrübənin genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi | Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi | 2007-2010 |
6.18. | Məktəbəqədər təhsil üzrə milli kurrikulumun işlənib hazırlanması və müvafiq qaydada təsdiq olunması | Təhsil Nazirliyi | 2007-2008 |
6.19. | Dövlət məktəbəqədər təhsil proqramının, variativ proqramların və xüsusi məktəbəqədər təhsil proqramlarının tərtib olunması və tətbiqi | Təhsil Nazirliyi | 2008-2009 |
6.20. | Məktəbəqədər təhsil proqramlarına uyğun təlim vəsaitlərinin hazırlanması və nəşrinin təşkil olunması | Təhsil Nazirliyi | 2008-2009 |
6.21. | Məktəbəqədər təhsil sistemində qabaqcıl beynəlxalq təcrübə əsasında yeni təhsil texnologiyalarının tətbiqi üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi | Təhsil Nazirliyi | 2007-2010 |
6.22. | Məktəbəqədər təhsil üzrə monitorinq və qiymətləndirmə sisteminin yaradılması və tətbiqi | Təhsil Nazirliyi | 2008-2009 |
6.23. | Məktəbəqədər təhsilin qısamüddətli qruplar və çevik vaxt cədvəli üzrə fəaliyyət göstərən yeni təşkilati formalarının yayılması | Təhsil Nazirliyi | 2007-2010 |
6.24. | Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların valideynləri üçün məsləhət-metodiki mərkəzlərin yaradılması, treninq və seminarların təşkil olunması | Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 2007-2010 |
6.25. | Müasir məktəbəqədər təhsil xidmətlərinin aztəminatlı ailələr üçün əlçatan olmasını təmin etmək məqsədi ilə ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və müvafiq qaydada Nazirlər Kabinetinə təqdim olunması | Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi | 2007-2008 |
6.26. | Ödənişli məktəbəqədər təhsil xidmətlərinin ödənilməsi üzrə valideynlərə vergi güzəştləri mexanizmlərinin tətbiqi barədə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması | Nazirlər Kabineti, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi | 2007 |
6.27. | Məktəbəqədər təhsil sisteminin pedaqoji kadrlara və digər mütəxəssislərə tələbatının proqnozlaşdırılması işinin təkmilləşdirilməsi | Təhsil Nazirliyi | 2007-2008 |
6.28. | Məktəbəqədər təhsil sistemi üçün kadr hazırlığının, ixtisasartırma təhsilinin və idarəetmə heyəti kadrlarının hazırlanması işinin təkmilləşdirilməsi | Təhsil Nazirliyi | 2007-2008 |
6.29. | Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji və digər işçilərin sosial statusunun və maddi təminatının yüksəldilməsi üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması | Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi | 2007-2008 |
6.30. | Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji və digər işçilərin iqtisadi təşviqləndirilməsində məktəbəqədər təhsil müəssisələrinin müstəqilliyinin artırılması üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması | Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 2007-2008 |
6.31. | Kənd yerlərində məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji işçilərə maliyyə və sosial dəstək tədbirləri üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması | Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 2008 |
6.32. | Məktəbəqədər təhsil barədə statistik göstəricilər sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi | Dövlət Statistika Komitəsi, Təhsil Nazirliyi | 2007 |
6.33. | Məktəbəqədər təhsilin sisteminin mütəmadi monitorinqinin aparılması üzrə tədbirlərin həyata keçirilməsi, monitorinqin nəticələrinin kütləvi informasiya vasitələrində dərc olunması və ictimaiyyətə çatdırılması | Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi | 2007-2010 |
6.34. | Müsbət nəticələr əldə etmiş məktəbəqədər təhsil müəssisələrinin qabaqcıl iş təcrübəsinin təbliğ olunması və yayılması üzrə tədbirlərin həyata keçirilməsi | Təhsil Nazirliyi | Mütəmadi |
6.35. | Məktəbəqədər təhsil barədə ölkə üzrə informativ və analitik məlumatları əks etdirən vahid internet saytının yaradılması | Təhsil Nazirliyi | 2008 |