MƏDƏNİYYƏT
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsinin üçüncü rüb üzrə fəaliyyəti yekunlaşmışdır
Bakı, 1 dekabr (AZƏRTAC). Avropa İttifaqının (Aİ) “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsinin üçüncü rüb üzrə fəaliyyəti yekunlaşmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, fəaliyyət ölkəmizin rayonlarında seminarların təşkili, lisenziyaların verilməsi, marketinq strategiyasının hazırlanması, turizm fondunun yaradılması və statistika kimi əhəmiyyətli məsələləri əhatə etmişdir.
Layihənin məqsədi tərəfdaşları turizm məkanının idarə olunmasının əsasları ilə tanış etmək, onlarla Avstriyanın timsalında bu sahədə həyata keçirilmiş işləri və uğura aparan şərtləri bölüşmək və iştirakçıların öz turizm məkanlarının inkişafına dair fikirlərini ifadə etmələri üçün dialoq yaratmaqdan ibarət olmuşdur.
Sentyabr ayında layihə çərçivəsində İsmayıllıda və Lənkəranda “Regional və yerli turizmin planlaşdırılması və idarə olunması” mövzusunda seminarlar keçirilmişdir. Seminarlarda müvafiq rayonların mədəniyyət və turizm şöbələrinin, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin, turizm informasiya mərkəzlərinin, muzeylərin və milli qoruqların, otellərin və KİV-in nümayəndələri iştirak etmişlər.
Eyni zamanda, Böyük Britaniyanın Turizm Nazirliyinin sabiq baş icraçısı Tim Bartlett qısamüddətli mütəxəssis qismində oktyabrda Azərbaycanda olmuş, nazirliyin turizm şöbəsi ilə 4 həftə ərzində əməkdaşlıq edərək üçillik (2014-2016) Turizm Marketinq Strategiyasını hazırlamışdır.
Layihə çərçivəsində, həmçinin Avstriya Turizm Bankının nümayəndəsi Gerfrid Brunner Turizmə Dəstək Fondunun yaradılmasında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsini dəstəkləmək və bu sahədə təcrübə bölüşmək məqsədi ilə Azərbaycana gəlmişdir. Məqsədlərdən biri Avropa İttifaqının ən yaxşı təcrübə nümunəsi sayılan, 40 işçidən ibarət və ildə 1500-2000 orta və kiçik müəssisələrin layihələrini dəstəkləyə bilən Avstriya Turizm Bankının fəaliyyətini nümunə kimi təqdim etməkdir. Azərbaycanda Turizmə Dəstək Fondunun yaradılması üçün təklif olunan məqsəd ümumi turizm strategiyası və dövlət prioritetləri ilə sıx əlaqədə olan portfolio strategiyasını müəyyən etməkdən ibarətdir.
Bundan əlavə, fond əmanətçiləri subsidiya proqramının təlimatlarının hazırlanması və turizm sahəsində çalışanlar üçün treninqlərdə iştirak və yeni biliklərin əldə olunması kimi imkanlarla təmin etməlidir. Əsas məqsəd sahibkarlar və əmanətçilər üçün maliyyə məsləhətləşmələri vasitəsilə layihənin prioritet və ümumi iqtisadi səmərəliyi baxımından müəyyən olunması və qiymətləndirilməsidir. Maliyyə üstünlüklərindən əlavə fond turizm sahəsində “know-how”nun tətbiqində də kömək göstərəcəkdir.
Üçüncü rüb Avstriya Statistika Komitəsinin keçmir baş direktoru Peter Haklın ölkəmizə mütəxəssis qismində təkrar gəlişi ilə yekunlaşmışdır. Mütəxəssisin təşəbbüsü ilə Dövlət Statistika Komitəsində (DSK) “Turizm statistikası” mövzusunda seminar keçirilmişdir. P.Hakl hazırladığı təqdimatı DSK-nın nümayəndələrinin diqqətinə çatdırmışdır. Təqdimatda Dövlət Statistika Komitəsinin rəsmi nəşrlərinə əsasən turizm statistikanın hazırkı vəziyyəti və statistikanın yaradılma prosesində müşahidə edilən müsbət və mənfi aspektlər qeyd olunmuşdur. Bundan əlavə, turizm axınının statistikası, yaşayış və turizm müəssisələri, turizm xərcləri, DSK tərəfindən statistika məlumatlarının təhlili və yaradılması üçün istifadə olunan məlumat mənbələri, sərhəd sorğularının təkrarlanma müddəti və vaxt intervalı, turizm statistikasında “satellite account” və DSK tərəfindən statistik məlumatların ictimaiyyətə çatdırılması formatı kimi məsələlər də müzakirə olunmuşdur.
Yuxarıda qeyd olunan fəaliyyətlərin nəticələri Aİ Tvinninq Layihəsinin Rəhbər Komitəsinin bu il dekabrın 3-də keçiriləcək üçüncü iclasında təsdiq olunacaqdır. Tvinninq heyəti tərəfindən iştirakçılara müvafiq təqdimat şəklində məlumatlar veriləcəkdir. Xüsusi diqqət “Turizm və istirahət zonaları” adlı modelin yaradılması və idarə olunması üçün Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinə dəstəyi ehtiva edəcək layihənin dördüncü komponentinin məqsədlərinə yönələcəkdir. Həmin modelin pilot layihəsi qismində ən münasib turizm zonası kimi Naftalan şəhəri seçilmişdir.
Görüş zamanı layihənin mütəxəssislərinin turizm şöbəsinin əməkdaşları ilə birgə qeyd olunan məsələlər və nailiyyətlərlə bağlı apardıqları müzakirələrin nəticəsində əldə olunan nəzəri bilik və təcrübə turizm sahəsində səmərəli şəkildə istifadə olunmasına imkan yaradacaqdır.