Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ

“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının 5-ci bəndinin 21-ci abzasının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, “Elektrik və istilik enerjisinin, təbii qazın və suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi barədə qaydalar” təsdiq edilsin.

Maliyyə Nazirliyinə tapşırılmışdır ki, hər növbəti ilin dövlət büdcəsini tərtib edərkən büdcədən maliyyələşən təşkilatların istehlak etdikləri elektrik və istilik enerjisinin, təbii qazın, suyun dəyərinin ödənilməsi üçün büdcə ayırmalarının məbləğini müvafiq surətdə istehlakın həcmi üzrə nəzərdə tutulmuş limitə uyğun olaraq müəyyən etsin.

Büdcədən maliyyəşən təşkilatların kommunal xidməti təşkilatlarına, həmin təşkilatların isə dövlət büdcəsinə olan borclarının və digər fəaliyyətlər üzrə borcların qarşılıqlı əvəzləşdirilməsinə yol verilmir.

Müəyyən olunmuşdur ki, dövlət büdcə vəsaitlərinin baş sərəncamçılarının müvafiq vəzifəli şəxsləri müəyyən edilmiş qaydada maliyyələşdirilmiş elektrik və istilik enerjisinin, təbii qazın və suyun istehlakı haqqının vaxtında ödənilməsinə və müəyyən edilmiş limitdən artıq (büdcədənkənar vəsaitləri istisna olmaqla) kommunal xidmətlərindən (elektrik və istilik enerjisi, təbii qaz, su) istifadəyə yol verilməsinə görə məsuliyyət daşıyırlar.

Maliyyə Nazirliyi büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq büdcə təşkilat və idarələrinin xidmət xərclərinin mütəmadi maliyyələşdirilməsini həyata keçirməlidir. Cari ildə görülmüş və ödənilməyən iş və xidmətlərin dəyəri qəbul edilmiş öhdəlik məbləğlərinə uyğun növbəti ildə ödənilməlidir.

Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.

Bu qərar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin