AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqımızın yaxın dostu, Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Fondunun sədri, dünya şöhrətli alim İhsan Doğramacının heykəlinin açılış mərasimində iştirak etmək üçün iyunun 26-da Bilkənd Universitetinə gəldi. Burada dövlətimizin başçısını universitetin yaradıcısı, professor İhsan Doğramacı, Türkiyənin dövlət nazirləri Rəcəb Ünal, Şüayib Üşənməz, Bilkənd Universitetinin rektoru Əli Doğramacı və digər rəsmi şəxslər səmimiyyətlə, mehribanlıqla qarşıladılar. Ali təhsil ocağının qarşısındakı meydana toplaşmış millət vəkilləri, Türkiyə ictimaiyyətinin nümayəndələri, professor-müəllim heyəti, tələbələr Azərbaycan Prezidenti Heydər Əliyevi hərarətlə, sürəkli alqışlarla salamladılar.
Hər iki ölkənin dövlət himnləri səsləndi.
Mərasimi ölkəmizin Türkiyədəki səfiri Məmməd Əliyev açdı. Sonra Bilkənd Universitetinin rektoru Əli Doğramacıya söz verildi. O, dünya şöhrətli alim, professor İhsan Doğramacının heykəlinin hazırlanması və burada meydanda ucaldılması üçün göstərdiyi köməyə, diqqət və qayğıya görə Azərbaycan Prezidenti, görkəmli dövlət xadimi, türk dünyasının böyük oğlu Heydər Əliyevə dərin minnətdarlığını, təşəkkürünü bildirdi.
Türkiyənin dövlət nazirləri Rəcəb Ünal və Şüayib Üşənməz öz çıxışlarında böyük alim İhsan Doğramacının Türkiyədə elmin, təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən danışdılar, Prezident Heydər Əliyevin təşəbbüsünün bütün türk dünyasında rəğbətlə qarşılandığını vurğuladılar. Azərbaycan Prezidenti Heydər Əliyev heykəlin açılışını bildirən qırmızı lenti kəsdi, görkəmli heykəltəraş, xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun bu əsərini yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı Heydər Əliyev mərasimdə geniş nitq söylədi.
Azərbaycan Prezidentinin nitqi böyük maraqla dinlənildi, dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı.
X x x
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə paytaxtının Oran diplomatik şəhərciyində Azərbaycan mədəniyyət mərkəzinin açılış mərasimində iştirak etdi.
Dövlətimizin başçısı yeni mədəniyyət mərkəzinin açılışını bildirən lenti kəsdi. Mərkəzin sədri, tanınmış türk alimi, professor Yüksəl Bozər çıxış edərək, respublikamızın rəhbərinin mərasimdə iştirakından böyük şərəf duyduğunu bildirdi, görüləcək işlər barədə ətraflı məlumat verdi.
X x x
Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyev Ankarada Bakı küçəsinin açılış mərasimində iştirak etdi. Ankara Böyük şəhər bələdiyyəsinin başçısı Məlik Qökçək Azərbaycan paytaxtının adını daşıyan küçənin yaxın gələcəkdə Oran diplomatik şəhərciyinin ən gözəl guşələrindən birinə çevriləcəyini söylədi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Ankara Böyük şəhər bələdiyyəsinin başçısı Məlik Qökçək yeni küçənin açılışını bildirən qırmızı lenti kəsdilər, “Bakı küçəsi” sözləri yazılmış lövhənin üzərindən örtüyü götürdülər.
Dövlətimizin başçısı yeni küçənin salınmasında əməyi olanlara minnətdarlığını bildirdi, bu küçənin xeyirli, uğurlu olmasını arzuladı.
Mərasimdə Türkiyə baş nazirinin müavini Dövlət Baxçalı, müdafiə naziri Səbahəddin Çaxmaqoğlu, millət vəkilləri, professor İhsan Doğramacı və digər rəsmi şəxslər iştirak edirdilər.
X X X
İyunun 26-da Azərbaycan Prezidenti Heydər Əliyev və Türkiyə Prezidenti Əhməd Necdət Sezər ölkəmizin Ankaradakı səfirliyinin tikintisi yenicə başa çatdırılmış binasına gəldilər. Binanın qarşısındakı meydanda fəxri qarovul dəstəsi düzülmüşdü. Hərbi orkestr Türkiyə Cümhuriyyətinin dövlət himnini ifa etdi. Azərbaycanın dövlət himninin sədaları altında ölkəmizin üçrəngli bayrağı qaldırıldı.
Prezidentlər səfirliyin yeni binasının açılışını bildirən qırmızı lenti kəsdilər. Prezident Heydər Əliyev və Prezident Əhməd Necdət Sezər müasir tipli yeni binanın foyesində Azərbaycanın qardaş ölkədə ilk səfiri olmuş İbrahim Əbilovun portreti önündə ayaq saxladılar, onun böyük elçi təyin edilməsi haqqında etimadnamə ilə maraqla tanış oldular.
Sonra səfirliyin böyük salonunda təntənəli mərasim keçirildi. Salona toplaşanlar Prezident Heydər Əliyevi və Prezident Əhməd Necdət Sezəri sürəkli alqışlarla qarşıladılar.
Mərasimi giriş sözü ilə səfir Məmməd Əliyev açdı.
Prezident Əhməd Necdət Sezər və Prezident Heydər Əliyev mərasimdə çıxış edərək, bu tarixi hadisə münasibətilə salona toplaşanları təbrik etdilər və əmin olduqlarını bildirdilər ki, ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələri bundan sonra daha da inkişaf edəcək, möhkəmlənəcək, əbədi və dönməz olacaqdır.
Mərasimdə Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı, müdafiə naziri Səbahəddin Çaxmaqoğlu, Türkiyə Silahlı Qüvvələri baş qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlu, millət vəkilləri, xarici ölkələrin Ankarada akkreditə olunmuş səfirləri və digər rəsmi şəxslər iştirak edirdilər.
Sonra həmyerlimiz Sərvər Qəniyevin dirijorluğu ilə Bilkənd Universiteti kamera orkestrinin konserti oldu.
X x x
İyunun 26-da günortadan sonra Çankaya köşkündə Azərbaycan Prezidenti Heydər Əliyevin və Türkiyə Prezidenti Əhməd Necdət Sezərin görüşü oldu. Prezidentlər dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi, bölgədə vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər haqqında müzakirələr apardılar, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iyunun 25-də İstanbulda keçirilmiş zirvə görüşünün və “Üç dənizin əfsanəsi” konfransının böyük əhəmiyyətə malik olduğunu vurğuladılar.
Elə həmin gün axşam Çankaya köşkündə Prezident Əhməd Necdət Sezərin adından Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil olundu.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 27-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına gəldi. Baş Qərargah binasının qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvrıqoğlu dövlətimizin başçısını səmimiyyətlə, mehribanlıqla qarşıladı.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi, türk əsgərini salamladı.
Respublikamızın rəhbəri Baş Qərargahın fəxri qonaqlar kitabına imza etdi.
Sonra Azərbaycan Prezidenti Heydər Əliyevin və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvrıqoğlunun təkbətək görüşü oldu.
Dövlətimizin başçısı və Baş Qərargahın rəisi görüşdən sonra konfrans salonuna gəldilər. Burada ordu generalı Hüseyn Qıvrıqoğluna Azərbaycan Respublikasının yüksək mükafatının - “Şöhrət” ordeninin təqdim olunmasına həsr edilmiş mərasim keçirildi.
Əvvəlcə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvrıqoğlunun tərcümeyi-halı oxundu.
Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə geniş nitq söylədi. Respublikamızın rəhbərinin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
Sonra Prezident Heydər Əliyev ordu generalı Hüseyn Qıvrıqoğluna “Şöhrət” ordenini təqdim etdi.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvrıqoğlu mərasimdə çıxış etdi. O, dövlətimizin başçısına təşəkkürünü bildirdi, bu ordeni həyatında layiq görüldüyü ən yüksək mükafatlardan biri kimi dəyərləndirdi, ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyini vurğuladı.
Mərasimdən sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvrıqoğlunun adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə ziyafət verildi.
X X X
X X X
Həmin gün Türkiyə paytaxtının tarixi yerlərindən olan “Ankara palats” mehmanxanasında ölkənin nüfuzlu ictimai təşkilatları və vəqfləri tərəfindən Azərbaycan Prezidenti Heydər Əliyevə yüksək mükafatların təqdim edilməsinə həsr olunmuş mərasim keçirildi. Mehmanxananın konfrans salonuna toplaşan yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, millət vəkilləri, görkəmli elm, mədəniyyət və incəsənət xadimləri Azərbaycan Prezidentini hərarətlə qarşıladılar.
Azərbaycan-Türkiyə Dostluq və Əməkdaşlıq Fondunun sədri, dünya şöhrətli alim, professor İhsan Doğramacı mərasimdə çıxış edərək, dövlətimizin başçısı Heydər Əliyevin zəngin siyasi təcrübəsindən, onun yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasından danışdı. Sonra o, sülhün qorunmasında göstərdiyi xidmətlərə görə, Azərbaycan Prezidenti Heydər Əliyevin Beynəlxalq İhsan Doğramacı Fondunun qızıl medalına layiq görüldüyünü bildirdi və mükafatı respublikamızın rəhbərinə təqdim etdi.
Mükafat üçün minnətdarlıq edən Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Ermənistanın hərbi təcavüzü nəticəsində yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızın ağır vəziyyətindən danışdı. 1994-cü ilin mayında atəşkəs əldə olunduğunu xatırladan dövlətimizin başçısı ölkəmizin işğal altındakı torpaqları azad edilmədiyindən bölgədə tam sülhün bərpa olunmadığını bildirdi.
Sonra Türkiyə Sənayeçiləri və İş Adamları Vəqfinin (TÜSİAV) sədri Vəli Sarıtoprak çıxış edərək dedi ki, Azərbaycan Prezidenti Heydər Əliyev ölkəsində türk iş adamlarına yaradılmış şəraitə və dost, qardaş dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi sahəsində müstəsna fəaliyyətinə görə vəqfin “Üstün xidmət və başarı mükafatı”na layiq görülmüşdür. Vəqfin sədri həmin mükafatı dövlətimizin başçısına təqdim etdi.
Prezident Heydər Əliyev mükafata görə təşəkkür edərək bildirdi ki, Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.
Ankara İşgüzar Qadınlar Cəmiyyətinin (ANİKOD) sədri xanım Sərpil Tınaz Akçar öz çıxışında bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyev bu cəmiyyətin təsis etdiyi “İlin dövlət adamı” mükafatına layiq görülmüşdür. Xanım Akçar mükafatı respublikamızın rəhbərinə təqdim etdi.
Dövlətimizin başçısı Heydər Əliyev mükafata görə təşəkkür etdi, qadınların cəmiyyətdə rolunun daha da yüksəldilməsi üçün Azərbaycanda ardıcıl tədbirlərin həyata keçirildiyini söylədi.
Daha sonra Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin (TÜRKSAV) sədri Yəhya Akənginə söz verildi. O, Prezident Heydər Əliyevin fərmanı ilə ölkəmizdə latın qrafikalı əlifbanın tətbiqinə başlanmasının əhəmiyyətindən danışaraq vurğuladı ki, Azərbaycan rəhbəri qardaş türkdilli xalqlar arasında mədəni əlaqələrin inkişafına böyük xidmətlər göstərmişdir. Vəqfin sədri Prezident Heydər Əliyevə “Türk dünyasının 2001-ci il xüsusi mükafatı”nı təqdim etdi.
Azərbaycan Prezidenti Heydər Əliyev vəqfin sədrinə minnətdarlıq etdi, ölkəmizdə ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimlərinə həmişə xüsusi diqqət yetirildiyini vurğuladı. Dövlətimizin başçısı ona göstərilən yüksək hörmət və ehtirama görə mərasim iştirakçılarına təşəkkürünü bildirdi.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 27-də onun üçün ayrılmış iqamətgahda - Camlı köşkdə Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalını qəbul etdi. Söhbət zamanı hər iki ölkəni maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi oldu.
Dövlətimizin başçısı Heydər Əliyev daha sonra Türkiyə baş nazirinin müavini, dövlət naziri Məsud Yılmazı qəbul etdi. Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsindən sonra Prezident Heydər Əliyev və baş nazirin müavini Məsud Yılmaz jurnalistlərə qısa müsahibə verdilər.
Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev Camlı köşkdə əziz dostu və qardaşı, Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəllə görüşdü. Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə bir sıra məsələlər barədə söhbət getdi.
Aslan Aslanov,
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbirləri Ankara