Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident,

10 il bundan əvvəl həmin bu ayda Amerika Birləşmiş Ştatlarının səfirliyi Bakıda öz qapılarını açdı. O vaxtdan bəri ölkələrimiz arasında sülh, azadlıq və firavanlıq məqsədlərini güdən partnyorluq münasibətlərinin əsası qoyulmuşdur. Sentyabrın 11-də baş vermiş hadisələr ilə əlaqədar olaraq Azərbaycan xalqının rəğbətini və hökumətinizin nümayiş etdirdiyi əməkdaşlığı biz xüsusilə yüksək qiymətləndiririk.

Mən məmnunam ki, Konqres bu yaxınlarda “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş ilə bağlı ABŞ tərəfindən Azərbaycana ediləcək yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün mənə səlahiyyət verdi. Mən bu səlahiyyətimi ölkələrimiz arasında regional təhlükəsizliyi, enerji, demokratik və iqtisadi islahatları dərinləşdirmək istiqamətində əməkdaşlığa yönəltmişəm.

Bu baxımdan biz ABŞ-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsini və Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinin tezləşməsini səbirsizliklə gözləyirik. Biz Qafqazda və onun ətrafında sülhü və azadlığı qorumaq üçün Azərbaycanla birgə işləməyi davam etdirəcəyik.

Səmimiyyətlə,

Corc Buş

Amerika Birləşmiş Ştatlarının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin