RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ KONSEPSİYASININ TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanda son illər müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşdirilməsini, demokratiyanın dərinləşdirilməsini, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviqini zəruri edir.
Dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin yaradılması, qeyri-hökumət təşkilatlarının dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə cəlb olunması, vətəndaş cəmiyyətinin inkişafının sürətləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki:
2.1. iki ay müddətində qeyri-hökumət təşkilatlarının məsələləri üzrə qurumun və qeyri-hökumət təşkilatlarına yardım fondunun yaradılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının müddəalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul 2007-ci il.