İDMAN
Azərbaycan şahmatçıları Bolqarıstanda Avropa çempionatında uğurlu start götürmüşlər
Bakı, 8 iyul (AZƏRTAC). Bolqarıstanın Plovdiv şəhərində qadınlar arasında şahmat üzrə Avropa birinciliyi davam edir. AZƏRTAC xəbər verir ki, turnirdə hərəyə 2 xal toplamış 12 şahmatçı liderdir.
29 iştirakçı, o cümlədən Azərbaycan qrossmeysterləri Gülnar Məmmədova, Türkan Məmmədyarova, beynəlxalq usta Səbinə İbrahimova və FİDE ustası Günay Məmmədzadə liderdən yarım xal geri qalırlar. Azərbaycan nümayəndələrindən Xəyalə Abdulla, Nərmin Xələfova, Nərmin Kazımova və Nərmin Soyunlu hərəyə 1 xal, Aytən Əmrayeva və Nərmin Məmmədova hərəyə 0,5 xal toplamışlar.
Üçüncü turda lider qrupda aşağıdakı cütlüklər görüşəcəklər: Antuanetta Stefanova (Bolqarıstan) - Gülnar Məmmədova, Səbinə İbrahimova - Soliko Quramişvili (Gürcüstan), Günay Məmmədzadə - İnna Qaponenko (Ukrayna), Anastasiya Bodnaruk (Rusiya) - Türkan Məmmədyarova.
İyulun 8-də Avropanın 26 ölkəsindən 116 şahmatçı mükafata layiq yerlər uğrunda mübarizəyə qoşulmuşdur. Rusiya komandasının tərkibi daha genişdir: 24 iştirakçı. Bolqarıstanı 15, Azərbaycanı 10 şahmatçı təmsil edir.
Turnir İsveçrə sistemi ilə 11 turda keçirilir. Matçlar iyulun 6-dan 12-dək və 14-dən 17-dək davam edəcək, iyulun 13-də isə istirahət günü olacaqdır.
Turnirin mükafat fondu 60 min avrodur.