Azərbaycan ŞHK Liqası beş illik yubileyini qeyd edib
Bakı, 2 aprel, Pərvanə Rəhimova, AZƏRTAC
Bakı Musiqi Akademiyasının Opera Studiyasında Azərbaycan ŞHK Liqasının beşinci - yubiley mövsümünün açılışı olub.
AZƏRTAC xəbər verir ki, kubokun qalibi uğrunda 10 yerli komanda mübarizə aparıb.
Azərbaycan Şən və Hazırcavablar Klubunun kreativ direktoru İsa Rəhimov deyib: “Bu gün biz beş illik yubileyimizi qeyd edirik. Bu müddət ərzində ŞHK-nın Bakı səhnəsində minlərlə komanda çıxış edib. Qeyd etmək yerinə düşər ki, ŞHK-nın hazırkı çempionu Qazaxıstanın “Sparta” komandasıdır. Bütün komandalara uğurlar arzulayıram”.
Sonra Bakı Dövlət Universitetinin üç komandası, Bakı Musiqi Akademiyası, Azərbaycan İqtisad Universiteti (UNEC), 17 nömrəli orta məktəb, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları maraqlı nömrələrlə səhnədə çıxış ediblər.
Münsiflər heyətinə Azərbaycan Şən və Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov, rejissor Aqil M.Quliyev, “1news.az” informasiya nəşrinin baş redaktoru Rəhman Hacıyev, “Bakılı oğlanlar” ŞHK komandasının iştirakçısı Yana Nikitina daxil idi.
Mükafatlandırılmadan əvvəl beşinci mövsümün açılışını və istedadlı gənclərin çıxışlarını yüksək qiymətləndirən münsiflər heyətinin üzvləri Azərbaycanda ŞHK-nın bundan sonra da inkişaf edəcəyinə, beynəlxalq hərəkata öz əlvan rənglərini qatacağına əminliklərini bildiriblər.
Kiçik kubok Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “1920” komandasına, orta kubok Bakı Biznes Universitetinin komandasına təqdim olunub. Böyük kuboka isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Çak Norris” komandası layiq görülüb.
Bakıdakı 17 nömrəli orta məktəbin “Zeynalabdin Tağıyev” və Bakı Dövlət Universitetinin qadın yığma komandası ən yaxşı debüt kubokunu qazanıblar.