DÜNYA
AZƏRBAYCAN SİLAHLARIN, HƏRBİ SAHƏDƏ XİDMƏTLƏRİN İXRAC VƏ İDXALI MÜMKÜN OLAN ÖLKƏLƏR SİYAHISINA DAXİL EDİLMİŞDİR
Martın 29-da Amerika Birləşmiş Ştatları Silahların Beynəlxalq Daşınması haqqında qaydalara düzəliş etmişdir. Həmin düzəlişə əsasən, ABŞ Azərbaycan və Ermənistanı silahların, hərbi sahədə xidmətlərin ixrac və idxalı mümkün olan ölkələr siyahısına daxil etmişdir. Məlumdur ki, hər iki ölkə ilə silahların qarşılıqlı surətdə idxalı və ixracı 1993-cü ildən bəri qadağan olunmuşdu.
ABŞ Dövlət Departamentinin mətbuat xidməti katibinin müavini Filip Riker martın 29-da keçirilmiş brifinqdə bəyan etmişdir ki, bu gündən etibarən Azərbaycanla və Ermənistanla silahların və ya hərbi xidmətlərin idxalına və ixracına lisenziyaların verilməsi mümkün olacaqdır. Dövlət Departamentinin yeni mövqeyinə əsasən, bu addım hər iki ölkə ilə ABŞ-ın hərbi əməkdaşlığının dərinləşməsinə səbəb olacaq, Qafqazda sülhün və sabitliyin qorunmasına xidmət edəcəkdir. Filip Rikerin fikrincə, Azərbaycanda və Ermənistanda hadisələrin müsbət inkişafı müşahidə olunur, atılan bu addım Cənubi Qafqazın bu ölkələrnin silahlandırılması demək deyildir. Qadağaların götürülməsi Amerikanın xarici siyasət və milli təhlükəsizlik maraqlarına cavab verir.
Azərbaycanın ABŞ-dakı səfirliyinin müvəqqəti işlər müvəkkili Elmar Məmmədov bu addımı ABŞ hökumətinin Azərbaycanla bütün sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəldilmiş ardıcıl siyasətinin bir hissəsi kimi dəyərləndirmişdir.
Onu da qeyd edək ki, Azərbaycanın və Ermənistanın adları çıxarılmış həmin siyahıda Əfqanıstan, Belarus, İran, İraq, Çin və digər ölkələr hələ qalmaqdadır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton