ELM VƏ TƏHSİL
Azərbaycan təhsilinin beynəlxalq əlaqələri ildən-ilə genişlənir
Bakı, 4 iyul (AZƏRTAC). İyulun 4-də Təhsil Nazirliyində “Ali təhsil və beynəlxalq əlaqələr” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ali məktəb rektorlarının, təhsil işçilərinin iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Təhsilimizin beynəlxalq əlaqələri, onun inkişaf mərhələləri barədə məlumat verən M. Mərdanov Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulamış və proqram çərçivəsində reallaşdırılan tədbirlərdən danışmışdır. Nazir Dövlət Proqramına uyğun olaraq xarici ölkələrdə təhsil almağa göndərilən gənclərin sayının ilbəil artdığını xatırlatmış, ötən il onların sayının 421 nəfər olduğunu bildirmişdir.
2011-2012-ci tədris ilində proqram çərçivəsində 23 ölkənin 200-dək universitetində 825 azərbaycanlı gəncin təhsil aldığını qeyd edən M. Mərdanov onların çoxunun Türkiyə, Almaniya, Böyük Britaniya, Kanada, Rusiya, Fransa və digər ölkələrdə oxuduğunu söyləmişdir. Bildirmişdir ki, tibb ixtisası üzrə xaricdə təhsil alan tələbələr daha çoxluq təşkil edirlər. Ümumilikdə isə xarici ölkələrdə oxuyan azərbaycanlı tələbələrin sayının daha çox olduğunu diqqətə çatdıran nazir respublikamızın universitetlərində təhsil alan xarici tələbələr barədə də məlumat vermişdir.
M. Mərdanov, eyni zamanda, bu yaxınlarda İtaliya və Litvada səfərdə olduqlarını xatırlatmış, həmin ölkələrin müvafiq qurumlarında, məktəblərində keçirdikləri görüşlərdən, onların təhsil təcrübələrindən bəhs etmişdir.
Nazir təhsilimizin inkişafı, onun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələri də nəzərə çarpdırmışdır.
Sonra “Dünyanın 100 ən yaxşı universiteti” kitabının təqdimatı olmuşdur.