CƏMİYYƏT
Azərbaycan Tənzimləyici Orqanların Avropa Platformasının 59-cu toplantısında təmsil olunur
![Azərbaycan Tənzimləyici Orqanların Avropa Platformasının 59-cu toplantısında təmsil olunur](/files/2024/2/1200x630/17177605354916413308_1200x630.jpg)
Bakı, 7 iyun, AZƏRTAC
Niderland Krallığının Rotterdam şəhərində Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) 59-cu toplantısı keçirilir.
Audiovizual Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropanın ən nüfuzlu audiovizual media tənzimləyicilərinin nümayəndələrinin qatıldıqları beynəlxalq tədbirdə Azərbaycanı Şuranın Aparat rəhbəri Fazil Novruzov təmsil edir.
Avropanın ən nüfuzlu audiovizual media tənzimləyicilərinin şəbəkəsi olan EPRA-nın bu toplantısına 47 Avropa dövlətindən 50 audiovizual media üzrə tənzimləyici orqanın rəhbərləri və nümayəndələri, həmçinin Avropa Komissiyasının, Avropa Şurası tərkibində fəaliyyət göstərən Media Bölümünün, Avropa Audiovizual Rəsədxanasının müşahidəçiləri daxil olmaqla, 140-dan çox nümayəndə və ekspert qatılıb.
Toplantı çərçivəsində keçirilən plenar sessiyalarda “Media savadlılığı və seçkilər” və “Süni zəka və media tənzimləyicisi” mövzularında müzakirələr aparılır. Son illər süni zəkanın tətbiqi ilə bağlı yaranan imkanlar və çağırışlar, habelə tənzimləyici qurumların bu yeniliklərə hazır olmaları üçün zəruri alətlər və mexanizmlər EPRA çərçivəsində geniş diskussiyaların predmetidir. Toplantı zamanı, həmçinin audiovizual media tənzimlənməsi sahəsində Avropada baş verən son yeniliklər barədə ölkələrin qısa məlumatları dinlənilir.
Plenar sessiyalardan əvvəl EPRA-nın 2024-cü il büdcəsinin həyata keçirilməsi ilə bağlı İdarə Heyətinin hesabatı dinlənilib. Bundan başqa, EPRA İdarə Heyətinin bir üzvünün istefa verməsindən sonra yaranan vakant yerə seçkilər keçirilib və Albaniyanın tənzimləyici qurumu olan AMA-nın sədri xanım Armela Krasniqi İdarə Heyətinə yeni üzv seçilib.
Tədbir işini iyunun 8-də yekunlaşdıracaq.
Qeyd edək ki, EPRA-nın növbəti toplantısı cari ilin oktyabrında Kipr Respublikasının Radio-Televiziya Qurumunun dəvəti və təşkilatçılığı ilə Nikosiya şəhərində keçiriləcək.