Azərbaycan Tibb Universiteti rezidentlərinin 6-cı elmi-təcrübi konfransı iki gün davam edəcək
Bakı, 11 may, AZƏRTAC
Son illər Azərbaycan Tibb Universitetini 540-dan artıq rezident bitirərək müxtəlif səhiyyə müəssisələrində fəaliyyət göstərir. Hazırda universitetdə 30-dan artıq ixtisas üzrə 500-550 rezident təhsil alır. Son 7 ildə Türkiyə, İsveç, Almaniya, Fransa, Norveç və digər ölkələrin klinikalarında 3 aydan 10 ayadək rotasiyada olurlar. Müəllim, rezident və tələbələrimiz kliniki bazalarını artırmaq üçün müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Azərbaycan Tibb Universiteti rezidentlərinin 6-cı elmi-təcrübi konfransında (ATUREK-6) məlumat verilib.
Konfrans iştirakçıları əvvəlcə universitetdə ümummilli lider Heydər Əliyevin büstünün qarşısına əklil qoyublar, onun xatirəsini yad ediblər.
Universitetin rektoru, professor Gəray Gəraybəyli tədbiri açaraq builki konfransın iki əlamətdar hadisə - ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə eyni vaxta təsadüf etdiyini qeyd edib.
Rektor son illər ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlardan və bu sahədə əldə edilən uğurlar barədə danışıb. Onun verdiyi məlumata görə, bu il keçirilən elmi-təcrübi konfransa 25 ixtisas üzrə 150 elmi iş təqdim olunub, onlardan 22-si ölkəmizdə fəaliyyət göstərən 9 digər bazaların rezidentlərinin elmi-təcrübi işləridir. Bu il ilk dəfə olaraq ATUREK-6 konfransı çərçivəsində pediatriya, kardiologiya, cərrahiyyə və şüa diaqnostikası ixtisasları üzrə seminar və kurslar nəzərdə tutulub və gələcəkdə həmin ixtisasların sayı daha da artırılacaq.
Sonra rezidentlər professor-müəllimlər və peşəkar həkimlərin rəhbərliyi altında hazırladıqları elmi-təcrübi işləri təqdim ediblər.
Konfrans mayın 12-də öz işini davam etdirəcək və iştirakçılara sertifikatlar veriləcək.