MƏDƏNİYYƏT
Azərbaycan, Türkiyə, Özbəkistan arasında mətbuat sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
![](/files/galleryphoto/2022/2/1200x630/16517611852560914543_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165176118512388068_1200x630.jpg)
Daşkənd, 5 may, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla Türkiyənin Özbəkistandakı səfirliyinin mətbuat katibi Hamdi Turşuçu arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, AMM-də keçirilən görüşdə tərəflər ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, fəaliyyətin əlaqələndirilməsi, mətbuat sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
S.Abbasov Özbəkistan mətbuatı ilə sıx əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, hər il keçirilən müsabiqələr nəticəsində Azərbaycan və türk dünyası arasında həmrəyliyə dair özbək mətbuatında yüzlərlə məqalənin yayımlandığını, qalib jurnalistlərin Azərbaycana mediaturlarının təşkil edildiyini söyləyib. Dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edən diplomat Azərbaycan həqiqətlərinin, Qarabağ münaqişəsi haqqında məlumatların Mərkəzi Asiyaya, Özbəkistan ictimaiyyətinə çatdırılması istiqamətində özbək mətbuatının xüsusi rolunu qeyd edib.
O, yaxın günlərdə Özbəkistan Jurnalistlər İttifaqının sədri Alimjon Usarovla keçirdiyi görüş haqqında danışıb, gələcəkdə tərəflər arasında birgə layihələrin həyata keçirilməsi, Türk dövlətləri arasında mətbuat sahəsində yeni əməkdaşlıq platformalarının yaradılmasına dair məsləhətləşmələr aparıldığının əhəmiyyətini qeyd edib.
Hamdi Turşuçu mətbuat sahəsində Türk dövlətləri çərçivəsində, habelə Özbəkistanda həyata keçirilən layihələr haqqında danışıb, bu istiqamətdə Azərbaycan tərəfi ilə əməkdaşlığın daha da genişləndirilməsi, sosial media, elektron informasiya vasitələri, televiziya proqramları sahəsində əlaqələrin yeni imkanlarını qeyd edib. O, mətbuat sahəsində Türkiyə-Özbəkistan-Azərbaycan, gələcəkdə isə Türk dövlətlərinin hamısını əhatə edən əməkdaşlığın daha da genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüb.
S.Abbasov Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Türk dünyasının mədəniyyət paytaxtları Xivə, Bursa və 2023-cü ildə bu statusu qəbul edəcək Şuşa şəhərlərinə dair birgə media layihəsinin həyata keçirilməsi, habelə Azərbaycan tərəfinin Şuşada bərpa etdiyi “Məclisi Fəramuşan” şairlər yığıncağına digər türk dövlətlərinin qoşulmasına dair təkliflər irəli sürüb və bu istiqamətdə Türkiyə səfirliyi ilə birgə çalışmalara dair razılıq əldə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd