Azərbaycan Universitetində “Dünya ədəbiyyatı tarixi” adlı silsilə elmi seminarlar başa çatıb
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının professoru, filologiya elmləri doktoru Qorxmaz Quliyevin rəhbərliyi ilə təşkil olunan “Dünya ədəbiyyatı tarixi” adlı silsilə elmi seminarlar öz işini uğurla yekunlaşdırıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, 2025/2026-cı tədris ilinin payız və yaz semestrləri ərzində bir neçə mövzunu əhatə edən seminarlar təşkil olunub. Seminarlarda Azərbaycan Universitetinin akademik heyəti ilə yanaşı, Azərbaycan Dillər Universitetinin əməkdaşları, doktorantları və dissertantları fəal iştirak ediblər.
Seminarlar dünya ədəbiyyatının müxtəlif inkişaf mərhələləri, aparıcı ədəbi cərəyanları, görkəmli sənətkarların yaradıcılığı və aktual ədəbiyyatşünaslıq problemləri mövzularını əhatə edib.
Məruzəçilər müxtəlif dövrlərin ədəbi proseslərini təhlil edib, dünya ədəbiyyatının inkişaf meyilləri və nəzəri məsələləri barədə fikir mübadiləsi aparıblar.
Bu da iki ali təhsil müəssisəsi arasında elmi əməkdaşlığın möhkəmlənməsinə və təcrübə mübadiləsinin genişlənməsinə şərait yaradıb.
Qeyd edək ki, “Dünya ədəbiyyatı tarixi” seminarları Azərbaycan Universitetində elmi düşüncənin inkişafına, dünya ədəbi irsinin daha dərindən öyrənilməsinə və gənc tədqiqatçıların akademik potensialının formalaşdırılmasına xidmət edən mühüm elmi platformalardan biri kimi fəaliyyət göstərir. Yüksək elmi səviyyəsi və məzmun zənginliyi ilə seçilən “Dünya ədəbiyyatı tarixi” seminarları müəllimlər, doktorantlar, dissertantlar və tələbələr üçün səmərəli akademik müzakirə platformasına çevrilərək elmi mühitin inkişafına və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə dəyərli töhfələr verir.
Tədbirin sonunda professor Qorxmaz Quliyev fəal iştiraklarına və elmi müzakirələrə verdikləri töhfələrə görə iştirakçılara təşəkkürünü bildirib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. İştirakçılar da öz növbəsində seminarların yüksək elmi səviyyədə təşkil olunduğunu vurğulayaraq, bu təşəbbüsün gələcəkdə davam etdirilməsinin vacibliyini bildiriblər.