ELM VƏ TƏHSİL
Azərbaycan Universitetinin “İpək yolu” elmi jurnalının yeni nömrəsi Nəsimiyə həsr olunub
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Universitetinin “İpək yolu” elmi jurnalının 2019-cu il üçün ikinci nömrəsi çapdan çıxıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsi Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan olunması ilə əlaqədar dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunub.
Xüsusi buraxılışın “Nəsimi-650” bölməsində AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Nəsimi qrupunun rəhbəri Səadət Şıxıyevanın “Poetik və irfani təxəyyül işığında Nəsimi şəxsiyyətinə baxış şəkilləri”, Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevin “İmadəddin Nəsimi və hürufilik hərəkatı”, həmin kafedranın müəllimi Məhəmməd Əliyevin “Nəsimi yaradıcılığına yeni baxış” və universitetin Tədris şöbəsinin müdiri Tariyel Qəninin “İmadəddin Nəsiminin dini-fəlsəfi, ədəbi-mədəni dünyagörüşünün ümumi aspektləri” məqalələri yer alır.
Oxucular jurnalın iqtisad elmləri və filologiya elmləri bölmələrində isə qeyd olunmuş sahələri əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu məqalələrlə tanış ola bilərlər.
“İpək yolu” jurnalının yeni nömrəsini Azərbaycan Universitetinin saytında onlayn oxumaq da mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri [email protected] elektron ünvanına göndərə bilərlər. İldə dörd dəfə nəşr olunan jurnal Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.
Jurnal E-library - РИНЦ (Rusiya), Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) beynəlxalq indeksləmə bazalarına da daxil edilib.