ELM VƏ TƏHSİL
Azərbaycan Universitetinin yekun attestasiya komissiyası işini başa çatdırmışdır
Bakı, 4 iyul (AZƏRTAC). Azərbaycan Universitetinin (AU) Azərbaycan filologiyası və jurnalistika kafedrasının yekun attestasiya komissiyası işini uğurla başa çatdırmışdır.
AU-dan AZƏRTAC-a bildirmişlər ki, bakalavr, magist pilləsi üzrə yekun dövlət attestasiya imtahanı və buraxılış işlərinin müdafiəsində iştirak edən 22 tələbə məzun adını qazanmış, 11 tələbəyə isə magistr dərəcəsi verilmişdir.
Komissiyanın sədri, Bakı Slavyan Universitetinin “Türkologiya” kafedrasının müdiri, dosent Nuridə Novruzova bildirmişdir ki, məzunların hazırlıq dərəcəsi təhsil standartının tələblərinə uyğundur, buraxılış işlərinin mövzusu və tələbələrin təqdimatı qənaətbəxşdir. Müdafiə zamanı tələbələrin mövzularını slayd-şou vasitəsilə təqdim etmələri komissiya üzvləri tərəfindən bəyənilmişdir. Ali məktəblərdə interaktiv tədris metodlarından istifadə edilməsi səmərəli nəticələr verir. Yekun attestasiya komissiyasının işi zamanı biz bunun bir daha şahidi olduq.
Tələbələr Azərbaycan dilinin üslubi imkanlarından məqsədəuyğun şəkildə istifadə etmişlər. Dövlət imtahanında iştirak edənlərin isə heç bir qeydiyyat vərəqi olmadan sualları cavablandırması və fikirlərini sərbəst ifadə etməsi onların yaxşı hazırlığından xəbər verir.
N.Novruzova demişdir ki, Amerika ədəbiyyatı ixtisası üzrə müdafiə edən magistrantların təqdimatı xüsusilə maraqlı olmuşdur. Magistrantlar böyük Amerika ədiblərinin yaradıcılığını tədqiq etməklə yanaşı, dünyada gedən ədəbi prosesdə onların rolunu və Azərbaycan ədəbiyyatına təsirlərini izah etməyə səy göstərmişlər : Tələbələrin analitik təhlili, fəlsəfi konsepsiyalara özünəməxsus baxışı onların elmi-nəzəri hazırlığından xəbər verir.
Sonda komissiya sədri tələbələrə gələcək tədqiqat işlərində uğurlar arzulamışdır.